Məzuniyyət bayram gününə təsadüf edərsə, ödəniş verilir?

Əmək məzuniyyətinə çıxan işçiləri narahat edən əsas məsələlərdən biri də bayram günlərinə təsadüf edən məzuniyyətə görə ödənişin verilib verilməməsi ilə bağlıdır.
TNS mövzu ilə bağlı kiçik araşdırmanı təqdim edir.
Qeyd olunan məsələ Əmək Məcəlləsinin 114.6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödəniş verilmir.
Yəni, əgər əmək məzuniyyətiniz müddətində dövlət bayramı varsa, həmin gün məzuniyyət günündən sayılmır və əlavə olaraq hesablanmır. Eyni zamanda bu günlər üçün əməkhaqqı da ödənilmir, çünki onlar ümumiyyətlə istirahət günləri kimi nəzərdə tutulur.
Məsələn, əgər işçi 14 günlük məzuniyyət götürübsə və bu müddətə 2 bayram günü təsadüf edirsə, həmin 2 gün nəzərə alınmadan məzuniyyətin müddəti 16 günə uzadılır – ancaq bayram günlərinin özünə görə ayrıca ödəniş verilmir.
Belə hallarda diqqət yetirilməli əsas məqamlar aşağıdakılardır:
- yalnız əmək məzuniyyəti dövrü bayram günləri və Ümumxalq Hüzn Gününə təsadüf edərsə, məzuniyyətin müddəti həmin günlərin sayı qədər uzadılır;
- bayram günləri və Ümumxalq Hüzn Günü sosial, ödənişsiz və təhsil məzuniyyəti dövrünə təsadüf edərsə, məzuniyyətin müddəti uzadılmır;
- işçinin məzuniyyət dövrü səsvermə gününə təsadüf edərsə, məzuniyyətin müddəti uzadılmır.
Azadə Yolçu