Binaların istiliklə təchizatı mayın 1-dək davam etdiriləcək - RƏSMİ

Sabah ölkənin əksər yerlərində payız-qış mövsümü çərçivəsində binaların istiliklə təchizatının sonuncu günüdür.
“Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı TNS-ə bildirib ki, istilik mövsümünün başlanması və bitməsi istilik enerjisindən istifadə qaydalarında əks olunub:
“İstilik enerjisindən istifadə qaydalarına görə, aprelin 15-də istilik mövsümü yekunlaşacaq. Aprelin 16-dan artıq binaların istiliklə təchizatı dayandırılacaq”.
E.Basqallı onu da bildirib ki, qurumun qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı), qanunvericiliyə əsasən, mövsümün mayın 1-dək davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin balansında 564 qazanxana, 3871 yaşayış binası, 184 min 500-dən çox mənzil var. Eləcə də 449 təhsil müəssisəsi, 152 səhiyyə müəssisəsi, 2200-dən çox təsərrüfat və sosial obyektlər “Azəristiliktəchizat” tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin edilir.
Aygün