Orta məktəblər publik hüquqi şəxsə çevriləcək - Təhsilin pulunu kim ödəyəcək?

Yaxın gələcəkdə Azərbaycanda məktəblər publik hüquqi şəxsə çevriləcək. Elm və təhsil naziri Emin Əmrullayev prosesə pilot layihə şəklində başlanacağını bildirib.
Hazırda məktəblərin Regional Təhsil idarələrinin tabeliyində fəaliyyət göstərdiyini xatırladan nazir, təhsil ocaqlarının publik hüquqi şəxsə çevrilməsinin uzunmüddətli proses olduğunu vurğulayıb.
Əvvəlcə qeyd edək ki, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Ölkədə müxtəlif qurumların publik hüquqi şəxsə çevrilməsinin şahidi oluruq. Məktəblərin bu prosesə cəlb olunması ilə bağlı açıqlamalar birmənalı qarşılanmır. Ortaya bir çox suallar çıxır. Maliyyələşmənin hansı formada olacağı, valideynlərin prosesdə rolunun nədən ibarət olacağı kimi məsələlər sual doğurur. Digər tərəfdən, məktəb direktorları məktəblərin bu formada idarəçiliyinin öhdəsindən gələ biləcəkmi? Suallar çox olsa da, hələ ki, bu barədə ətraflı məlumatlar mövcud deyil.
Məsələ ilə bağlı TNS-ə danışan deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov məktəblərin publik hüquqi şəxsə çevrilməsi istiqamətində müəyyən addımlar atıldığını deyib:
“Artıq bir müddətdir ki, Azərbaycanda publik hüquqi şəxslər yaradılır. Bu istiqamətdə ölkə rəhbərinin tapşırığına əsasən, tədbirlər həyata keçirilir. Məktəblərin publik hüquqi şəxsə çevrilməsinə gəlincə, düşünürəm ki, bu, birinci növbədə pilot layihə şəklində olmalıdır. Bir neçə məktəbdə tətbiq etdikdən sonra addım ata bilərik. Əgər proses düzgün həyata keçirilərsə, dəqiq mexanizm işlənə, şəffaflıq olarsa, bu, maaşların artırılmasına, məktəblərin təmirinə, yeni infrastrukturlardan istifadəyə təsir göstərə bilər. Yəni, əsas məsələ mexanizmlərin tətbiqidir. Dəqiq sistemin, şəffaflığın olmasıdır ki, insanlar prosesdən əziyyət çəkməsin, çətinliklərlə üzləşməsinlər. Bu halda biz məsələyə baxa bilərik”.
Bu sistemin mənfi tərəflərinin hansı formada ortaya çıxa biləcəyinə gəlincə deputat bildirib ki, bununla bağlı maliyyə məsələlərinin necə tənzimlənəcəyi, valideynlərin prosesdə iştirakının hansı formada olacağı ilə bağlı məsələlər nəzərdən keçirildikdən sonra daha dəqiq münasibət bildirmək mümkün olacaq.
İqtisadçı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli isə bildirib ki, məsələ haqqında danışan elm və təhsil naziri Emin Əmrullayev nəyi nəzərdə tutduğunu elan etsəydi, bu yöndə daha konkret fikir bildirmək mümkün olardı: “Publik hüquqi şəxsə çevrilmək büdcədən maliyyələşmənin tamamilə dayanması demək deyil. Ortaya maliyyələşmənin hansı formada həyata keçiriləcəyi, məktəb idarəetməsində valideynlərin, şagirdlərin iştirakının necə olacağı ilə bağlı açıq qalan suallar çıxır. Əslində, bu qaydalar dünyanın bir çox ölkələrində tətbiq edilib. Sadəcə, Azərbaycanda hansı modelin tətbiq olunacağı ilə bağlı rəsmi qurumlar, o cümlədən nazirlik açıqlama versəydi, biz də öz fikirlərimizi aydın şəkildə bildirə bilərdik. Onu da vurğulayım ki, ölkəmizin konstitusiyasına görə də ibtidai, orta təhsil pulsuzdur və dövlət tərəfindən təmin olunur. Ona görə də bu məsələdə hansısa bir dəyişikliklərin olacağını düşünmürəm”.
Aygün