Close

51 mindən çox şagird imtahan verdi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə TNS-ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası, 3816 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 620 imtahan rəhbəri və ümumi rəhbər, 4762 nəzarətçi, 685 buraxılış rejimi əməkdaşı (mühafizə) və 212 bina nümayəndəsi ayrılıb.

İmtahanda 51 237 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 60 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

Aprelin 14-dən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

09:15

Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

Bu barədə TNS-ə DİM-dən bildirilib.

İmtahanda 51 min 237 şagirdin iştirakı nəzərdə tutulur.

Bu imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 60 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası, 3 816 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 620 imtahan rəhbəri və ümumi rəhbər, 4 762 nəzarətçi, 685 buraxılış rejimi əməkdaşı (mühafizə) və 212 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan verəcək şagirdlər buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından aprelin 3-dən etibarən çap edib götürə biliblər.