Təyyarə bileti və qeydiyyat ləğv olunur- Aviasiyada yenilik

Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) yeni "rəqəmsal səyahət sənədi" tətbiqi ilə hava limanları üçün müəyyən edilmiş qaydaları dəyişməyi planlaşdırır.
TNS xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, dəyişikliklər üç il ərzində həyata keçiriləcək.
Yeni qaydalarla ənənəvi minik talonları (biletlər) və qeydiyyat prosesləri tamamilə rəqəmsallaşdırılacaq və üz tanıma sistemləri ilə əvəz olunacaq. Sərnişinlər bilet aldıqları andan etibarən telefonlarına “səyahət sənədi” endirə biləcəklər. Səyahət planında dəyişiklik olarsa, bu sənəd avtomatik olaraq yenilənəcək.
Sərnişinlər həm də pasportlarını telefonlarına yükləyə biləcəklər. Belə ki, hər bir sərnişinin uçuş məlumatları, rəqəmsal şəxsiyyəti və minmə icazəsi vahid QR kodda toplanacaq.
Hava limanlarındakı nöqtələrdə “üz tanıma sistemləri” istifadə ediləcək. Hava limanına gələn və üz tanıma sistemləri tərəfindən aşkarlanan sərnişinin məlumatları dərhal aviaşirkətə ötürüləcək.