Onlar 300 balı ona görə toplaya bildilər ki... - FOTOLAR

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu. 57 minə kimi şagirdin iştirak etdiyi imtahanda 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Həmin şagirdlərdən biri Bakı şəhər 295 nömrəli tam orta məktəbdə təhsil alan Tovuz Seyidovadır.
Tovuz TNS-ə deyib ki, uğur qazanmağın əsas sirri hədəfi müəyyənləşdirmək və nizamlı çalışmaqdır. 1-ci və 2-ci sinifləri 263 nömrəli məktəbdə oxuyan Tovuz hazırda 295 nömrəli məktəbdə təhsil alır.
Onun sözlərinə görə, dərslərini ibtidai sinifdən yaxşı oxumağa başlayıb: “Hələ aşağı siniflərdən dərslərimi yaxşı oxumuşam. Məktəbə gedəndə artıq yazıb-oxumağı, hesablamağı özüm bacarırdım. Evdəkilərdən mənə çoxlu kitab almalarını istəyirdim. Kitabları alırdım və böyüklərimdən məni öyrətmələrini xahiş edirdim. 1-ci sinifdən 11-ci sinfə kimi hər zaman dərslərimə məsuliyyətli, ciddi yanaşmışam”.
Tovuz hələ uşaqlıqdan özünə hədəf qoyub və istəyinə nail olmaq üçün əzmlə çalışıb: “Hər zaman hədəfim olub. 1-ci sinifdən kompüterə marağım var idi. Proqramist olmaq istəyirəm. İmtahana hazırlaşarkən, buraxılış fənnlərindən daha çox riyaziyyata üstünlük vermişəm. İngilis və Azərbaycan dillərinə nisbətən riyaziyyat daha çətindir. Uşaqlıq yaşlarımdan ingilis dilində mahnılara qulaq asmışam, filmlərə baxmışam, həm də məktəbdə müəllimlər yaxşı dərs keçib. Ona görə çətinlik çəkmədim. Azərbaycan dilindən də məktəbdə keçdiyimiz dərslər mənə kifayət edib”.
Gündə neçə saat dərslərlə məşğul olmağa gəlincə Tovuz qeyd edib ki, məktəbdən sonra, demək olar ki, yatana qədər dərslərlə məşğul olur. Dərs hazırlamağa 6-7 saata kimi vaxt sərf etdiyini deyən rekordçunun sözlərinə görə, hədəfində olan mövzuya uyğun olaraq, bu müddət az və ya çox ola bilir.
Tovuz imtahanlara hazırlaşmaq üçün repetitor yanına getmədiyini, məktəb müəllimlərindən aldığı dərslərlə kifayətləndiyini bildirib: “Suallarım olanda tənəffüsdə də müəllimlərimə yaxınlaşıram, mənə cavab verirlər. Hədəfim kompüter mühəndisi olmaqdır. İnformasiya texnologiyaları (İT) üzrə olan ixtisasların gələcəyin ixtisasları olduğunu düşünürəm. Bu sahəyə çox böyük marağım var”.
Tovuzdan həmyaşıdlarına nələri tövsiyə edə biləcəyini də soruşuruq: “Həmyaşıdlarıma tövsiyə edrəm ki, hər zaman özlərinə inansınlar və qarşılarına hədəf qoysunlar. Əgər, evdən çıxanda hara gedəcəyinizi bilmirsinizsə, durub baxacaqsınız və heç nə edə bilməyəcəksiniz. Amma özünüz üçün bir hədəf müəyyənləşdirsəniz, artıq hara getmək lazım olduğunu biləcəksiniz və tutduğunuz yolda irəliləyəcəksiniz”.
Sabunçu rayon 68 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rəhim Fərəczadə də insanın özünə inanmasının vacib olduğunu vurğulayıb.
Buraxılış imtahanında 300 bal toplayan Rəhim də İT sahəsi üzrə təhsil almaq arzusundadır: “Gündə 6-7 saata yaxın dərs çalışıram. Buraxılış imtahanlarına görə repetitor hazırlığına getməsəm də, blok imtahanına görə gedirəm”.
İmtahan suallarının çətin və ya asan olmasına gəlincə Rəhim deyib ki, suallar normal olub: “İmtahan sualları mənə görə normal idi. Çətin suallar olsa da, hazırlaşarkən bənzər suallarla məşğul olduğum üçün mənə asan gəldi”.
Valideynlərindən hər zaman dəstək görən Rəhim kitab oxumağa, filmlərə baxmağa da vaxt ayırır: “Dərslərdən əlavə, kitab oxumağa, filmlərə baxmağa da vaxt ayırıram. Bu məşğuliyyətlər həm mənim yorğunluğumu alır, həm də düşüncələrimin zənginləşməsinə kömək edir. Sonda həmyaşıdlarıma hər zaman özlərinə inanmağı, qarşılarına məqsəd qoymağı və heç vaxt ümidlərini itirməməyi tövsiyə edirəm”.
Daha bir rekordçu, Bakı şəhəri 91 nömrəli tam orta məktəbin şagirdi Abbasova Şəhanə də gün ərzində 6-7 saat dərsləri ilə məşğul olduğunu, repetitor yanına getmədiyini deyib: “İmtahan sualları çətin deyildi. Hazırlaşmaq üçün repetitor yanına getməmişəm”.
Valideynlərinin hər zaman yanında olduğunu, ondan mənəvi dəstəklərini əsirgəmədiyini bildirən Şəhanə kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq arzusundadır.
O, şagird dostlarına özlərinə güvənməyi məsləhət görür: “Hər şey onların özlərindən asılıdır. İmtahana qədər maksimum çalışıb, daha sonra imtahana inamla girsinlər”.
Aygün