Close

13:07
14 Aprel 2025
11:46
14 Aprel 2025

“Xaricdən gətirilən bu yağ təmizdir” - AÇIQLAMA

Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kərə yağı adı satılan müxtəlif firmalara məxsus məhsulların saxta olmasına dair məlumatlar yayır.

Maraqlıdır ki, haqqında saxta olmasına dair məlumat yayılmayan digər kərə yağlarına güvənmək olarmı?

TNS-in bu barədə suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, həqiqi kərə yağları kəsiləndə parçalanıb tökülür: “Dükandan yağ alarkən, alıcı onu əli ilə sıxsın. Ən bərk məhsul hansıdırsa, deməli, həqiqi kərə yağı odur. Bu yağları əridəndə də saxta olub-olmadığı bilinir. Bəzi məhsulların qablaşdırmasının üstünə inək fotosu yapışdırıb, “natural” yazırlar. Bu şəklə, ya da yazıya aldanmaq olmaz. Qanun belə yazmağı qadağan etmir.

Bəzən də tərkibində olanların sırasında “bitki yağı” yazılır. Amma bunun palma, yaxud günəbaxan yağı olması göstərilmir. Biz AQTA ilə iş aparırıq ki, belə yazılmasın, palma, günəbaxan yağı olduğu açıq göstərilsin. Təəssüf ki, bu məsələ də hələ ki, qalır”.

Birlik sədri qeyd edib ki, bir çox ölkədən Azərbaycana kərə yağı gətirilir: “Uzun müddət, uzaq ölkələrdən gətirilən kərə yağlarının qiymətinin yerli məhsullardan aşağı olması barədə şikayətlər olurdu. Mən 6 il əvvəl Yeni Zellandiyada olarkən, oradakı həmkarların köməyi ilə Azərbaycana yağ göndərən “Westgold” markalı yağların istehsal olunduğu zavoda getdim. Orada məhsulların Azərbaycan dilində markalanmasını gördüm, fermer təsərrüfatında oldum. Qiymət məsələsini araşdıranda gördüm ki, oradakı heyvanlara qış yemi verilmir. Heyvanlar daim təmiz havada təbii yemlə yemlənir. Ona görə, məhsul ucuza başa gəlir. Maya dəyəri aşağı olduğundan Azərbaycana da ucuz satılır. Demək istəyirəm ki, xaricdən də Azərbaycana təmiz yağlar gətirilir. AQTA ciddi iş görür ki, etiket məlumatları ilə yağın tərkibi eyni olsun. Bu, yaxşı haldır”.

Qeyd edək ki, Eyyub Hüseynov daha əvvəllər bu barədə verdiyi açıqlamalarda daim AQTA-nın fəaliyyətindən şikayət edirdi. O, yağların keyfiyyəti, digər məsələlər barədə AQTA-ya etdiyi müraciətlərə baxılmadığını deyirdi. Görünür, artıq Agentlik Eyyub Hüseynovun müraciətlərini araşdırb, nəticə çıxarmağa başlayıb.