Valideynlərin diqqətinə: imtahanları faciəyə çevirməyin!

Ötən ay 11-ci siniflər üzrə buraxılış imtahanları keçirildi. Apreldə isə 9-cu sinif şagirdləri buraxılış imtahanı verir. Növbəti aylar abituriyentlər yenidən imtahan həyəcanı yaşayacaq, ali məktəblərə daxil ola bilmək üçün biliklərini sınayacaqlar.
Təbii ki, imtahanlar şagirdlərin stress keçirməsinə, həyəcanlanmasına səbəb olur. Bəzən proqnozlaşdırılan nəticə olmadıqda, uşaqlar evdə təzyiqlərə məruz qalır, aşağılanırlar. Hər imtahandan sonra zəif nəticə göstərən şagirdlərdən intihar edənlər də olur.
Şagirdlərin stress keçirməməsi, faciəli hadisələrin baş verməməsi üçün nə etmək lazımdır?
TNS psixoloqların bu barədə fikirlərini təqdim edir.
Psixoloqlar hesab edirlər ki, imtahan öncəsi yüngül narahatlıq, həyəcan normaldır. Şagirdin, abituriyentin imtahana daha məsuliyyətli hazırlaşmasına yardımcı olur. Ancaq həddən çox qayğı imtahan zamanı xoş olmayan nəticələrə gətirib çıxarır.
İmtahan qorxusu onlarda özlərinə inamsızlıq yaradır: “Mən bacarıqsızam“, “Yaxşı nəticə göstərə bilməyəcəyəm“, “Pis nəticə göstərsəm, hər kəs məndən üz döndərəcək”, “Pis nəticə göstərsəm, valideynlərimin üzünə necə baxacağam“, “İmtahandan kəsilsəm, gələcəyim olmayacaq“, “Həyatım bu imtahandan asılıdır” və s.
Bu fikirlər yeniyetmələrdə imtahan qayğısına, qorxuya səbəb olur. Nəticədə şagirdlərdə, abituriyentlərdə imtahan zamanı əllərdə titrəmə, tərləmə, taxikardiya, özünə nəzarəti itirmə, diqqətini toplaya bilməmə, döş qəfəsində sıxılma hissi, başda sıxılma, baş gicəllənmə, qusma hissi kimi əlamətlər müşahidə edilir. Təbii ki, bu hallar da diqqəti yayındırır, sualı düzgün başa düşməyə imkan vermir, nəticədə nəticə gözləniləndən aşağı olur.
Psixoloqlar bildirirlər ki, imtahan stresinin yaranmasında valideynlərin də müəyyən qədər rolu var. Təzyiq altında yetişdirilən, başqa yaşıdları ilə müqayisə olunan, “bizim gələcəyimiz sənsən, sən imtahandan kəsilsən biz qohumların, tanışların üzünə necə baxarıq?”, “Mütləq yüksək bal toplamalısan, filan uşaqdan daha yaxşı nəticə göstərməlisən, bu universitetə qəbul olmalısan”, - kimi təlqinlərə məruz qalan uşaqlar daha çox həyəcan keçirirlər.
Mütəxəssislər abituriyentlərə və valideynlərə belə məsləhət verirlər:
Uşaqlar üçün - imtahan öncəsi normal yuxu yatmaq mütləqdir. Bu, sizin imtahan zamanı daha diqqətli olmağınıza kömək edəcək, həyəcanınızı azaldacaq. Əgər stresə qalib gələ bilmirsinizsə, imtahan zamanı yavaş şəkildə burunla nəfəs alın, nəfəsinizi azca saxlayıb, sakit şəkildə ağızdan nəfəs verin. Bu, sizi rahatladacaq.
İmtahandan əvvəl həyəcanınız pik həddə çatarsa, mütəxəssisdən məsləhət ala bilərsiniz.
Valideynlər üçün – Övladlarınız üzərində basqı qurmayın. Yaxşı və zəif oxumasından, çalışqan, yaxud tənbəl olmasından asılı olmayaraq, uşaqlarınızı başqa yaşıdları ilə müqayisə etməyin. Heç olmasa, imtahan ərəfəsində onlara qayğını, diqqəti artırın, sevgi göstərin.