Close

Xəzəri kanalizasiyaya çevirənlər kimlərdir?- Onların cərimələnməsi...

“Xəzər dənizi sahilində Kürdəxanıdan tutmuş "Şıxov"a, Sahil qəsəbəsinə qədər ərazidə olan fabriklərin, restoranların çirkli suyu təmizlənmədən dənizə axıdılır. Və bu cür hallar həddindən artıq çoxdur”.

Bunu TNS-ə açıqlamasında “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

Ekoloq bildirib ki, dənizin çirkləndirilməsi nəticəsində nəinki sudan istifadə zamanı, ətrafda da insanlar zərər çəkir: “Xəzər dənizinin ətrafında ən böyük şəhərlərimiz olan Bakı və Sumqayıt hər ikisi sənaye şəhəridir. Xüsusilə, sovet hakimiyyəti dövründə Sumqayıt şəhərində tikilən kimya zavodları təkcə havanı deyil, Xəzər dənizini də çirkləndirirdi ki, bu proses uzun müddət davam edib. Bunun fəsadlarını hələ də görürük. Eynilə Bakı şəhəri də bu vəziyyəti yaşayırdı. Neftayırma zavodları birbaşa dənizin sahilində idi. Digər zavodların da hamısının çirkli suları, təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılırdı. Bu vəziyyət uzun illər davam etdi. Bu hal Xəzər dənizinin həm ekosisteminə, həm mikroflorasına, flora və faunasına təsir edir. Bununla yanaşı, Bakı, Sumqayıt və Abşeron sakinlərinin də gündəlik həyatına təsir edir”.

Müsabimiz qeyd edib ki, müstəqillik dövründə neft konsorsiumu bağlandıqdan sonra ekologiyaya ciddi fikir verilməyə başlanıldı. Torpaqların yuyulması, xüsusilə, Abşeron yarımadasında torpaqların təmizlənməsi prosesi getdi.

Onun sözlərinə görə, bu işlər çərçivəsində kanalizasiya sistemlərinin qurulmasına baxmayaraq, fabrik və zavodların bir çoxlarının çirkab suları birbaşa Xəzər dənizinə axıdılır:“Görülən işlər nəticəsində ortaya çıxan çirkli sular təmizlənərək dənizə axıdılmalıdır. Yaxud da təkrar emal olunmalıdır. Amma Xəzər dənizi sahillərində harada restoran varsa, əksəriyyətində yoxlama olmadığından, yaxud da nəzarət mexanizmi köhnə üsullarla aparıldığından onların çirkab suları dənizə axıdılır”.

Qorxmaz İbrahimli dənizə çirkab su axıdanların cərimələnməsi məsələsinə də toxunub: “Xəzərə nə qədər zərər verildiyi hansı meyarla ölçülür ki, ona da uyğun cərimə olunur? Nə qədər ki, biz Xəzər dənizinə ayaqyolu, kanalizasiya axıdacağımız yer kimi baxacağıqsa, vəziyyət dəyişəməyəcək. İllərdir ki, çirkab suların təmizlənməsi sisteminin qurulması üçün dövlət vəsait ayırıb. Bu vəsait düzgün sərf olunmayıb. Ona görə də dövlətin müvafiq qurumları bunları yoxlamalıdır. Yeyinti edənlərdən 10 qat əvəzi alınmalıdr. Yoxsa, gedib dənizə çirkab su axıdan bir nəfəri cərimə etməklə vəziyyət düzəlmir. Hökumət ciddi yoxlama sistemi qurmalıdır”.

Aygün