Close

3 aylıq müddət bitdi- Hökumət təklifləri niyə açıqlamır?

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Sərəncamın imzalanmasından 3 aydan artıq vaxt keçir.
Ötən il dekabrın 23-də imzalanan Sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi.

Nəzərdə tutulan vaxt mart ayında başa çatsa da, Nazirlər Kabineti təkliflərlə bağlı açıqlama verməyib. Nazirlər Kabineti təklifləri ölkə rəhbərinə təqdim edibmi? Təkliflərin açıqlanması hansı səbəbdən gecikir?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı alim, deputat Vüqar Bayramov bildirib ki, sənədə əsasən, Nazirlər Kabineti 3 ay müddətində təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli idi:“Nazirlər Kabinetinə verilən 3 aylıq müddət mart ayında başa çatıb. Güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təkliflərin həm fiskal, həm bütövlükdə qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə ölkə başısı İlham Əliyev tərəfindən sənədin imzalanacağı gözlənilir. Bununla da sosial paketin yeni mərhələsində sosial müavinət və təqaüdlərin artmasını müşahidə edəcəyik”.

Deputat qeyd edib ki, hansı növ sosial müavinət və təqaüdlərdə artımın olacağı yalnız sənəd imzalandıqdan sonra bəlli olacaq: “Növlər üzrə müavinət və təqaüdlərin artımının nə qədər olması istiqamətində həm Milli Məclisdə büdcə müzakirələrində təkliflər təqdim olunub, eyni zamanda mediada təkliflərin müzakirəsi həyata keçirilib. Amma konkret olaraq hansı sosial müavinətin artacağı, eyni zamanda artım faizinin nə qədər olacağı sənəd imzalandıqdan sonra məlum olacaq. Bütün hallarda sosial paketin növbəti mərhələsində biz müavinət və təqaüdlərin artırılmasını görəcəyik”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev TNS-ə açıqlamasında sosial təqaüdlərin artımı ilə bağlı məsələyə qısa vaxtda aydınlıq gətiriləcəyini deyib.

“Nazirlər Kabineti tərəfindən təkliflərin ölkə başçısına verilib-verilmədiyi ilə bağlı əlimizdə dəqiq məlumat yoxdur. Hesab edirik ki, bu məsələyə qısa müddətdə aydınlıq gətiriləcək. Təkliflərin hazırlanması ilə bağlı Nazirlər Kabinetinə verilən 3 ay müddət başa çatıb. Təcrübəyə əsasən deyə bilərəm ki, Nazirlər Kabinetinin təklifləri yaxın günlərdə açıqlayacağı gözlənilir. Bizim istəyimiz odur ki, müxtəlif kateqoriyalı müavinətlər artırılsın və insanların sosial vəziyyətinin yaxşılaşmasına dəstək olsun”,- millət vəkili vurğulayıb.

Qeyd edək ki, mövzu ilə bağlı Nazirlər Kabinetinə müraciət etsək də, sualımıza cavab ala bilmədik.

Aygün İbrahimli