Musa Qasımlı: “Azərbaycanla təzyiq dili ilə danışmaq heç bir nəticə verməz”

“Bəzi Qərb dövlətlərinin müxtəlif yollarla ölkəmizə müdaxilə cəhdlərinin heç bir nəticəsi olmayacaq. Bu gün Azərbaycan güclü bir dövlətdir. Qarabağda qazanılan qələbə, təcavüzkarın məğlub edilməsi, torpaqların işğaldan azad olunması təkcə Ermənistanın deyil, onun havadarlarının üzərində də qazanılan qələbədir”.
Bunu TNS-ə Milli Məclis sədrinin müavini Musa Qasımlı bəzi Qərb dairələrinin ölkəmizə xarici müdaxilələri və hibrid təhdidlər vasitəsilə təzyiq göstərməyə çalışmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında öz sözünü deyib: “Bəzi dairələr Azərbaycanın qazandığı qələbə ilə barışmaq istəmirlər, amma Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında öz sözünü deyib. Bu gün işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlər köçürülür və müasir mənzillərdə yerləşdirilirlər. Azərbaycan dövləti özünün ən qüdrətli dövrünü yaşayır. Onunla təzyiq dili ilə danışmaq heç bir nəticə verməz. Azərbaycan dövləti ilə yalnız bərabərhüquqlu münasibətlər ola bilər”.
Aygün