Close

23:50
16 Aprel 2025

Bu ailələrə uşaqların sayına görə müavinət verilə bilər

“Hazırda ölkəmizdə çoxuşaqlı ailə kimi 5 və daha çox uşağı olan ailələr sayılır. Biz düşünürük ki, yaxın vaxtlarda demoqrafik inkişafla bağlı yeni proqram qəbul olunarsa, çoxuşaqlı ailələrin tərkibinə baxmaq olar. Yəni, çoxuşaqlı ailə kimi 4 və ya 3 uşaqlı ailələri qəbul etmək olar. Amma bu məsələ ilə bağlı hələ ki, real bir şey yoxdur. Sadəcə bizim təklifimizdir”.

Bunu TNS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd ki, üçuşaqlı ailələrin çoxuşaqlı kimi qəbul olunması hökumətdən asılıdır: “Dövlət Proqramını Milli Məclis deyil, hökumət qəbul edir. Bu məsələ hökumətdən asılıdır. Əslində, bununla bağlı səsləndirilən hər fikir, deyilən hər söz təklifdir. Mən bu məsələ ilə bağlı hökumətə rəsmi məktub da göndərmişəm”.

Musa Quliyev onu da vurğulayıb ki, yaxın vaxtlarda uşaq pulu ilə bağlı Milli Məclisdə hər hansı müzakirələrin aparılması gözlənilmir.

Qeyd edək ki, hazırda beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda müavinət verilir. Müavinət hər uşağa görə 105 manat təşkil edir.


Aygün