Burada iki yeni yarımstansiya tikiləcək

“Bakı metropoliteni” QSC-də silsilə tədbirlər sırasında enerji təhlükəsizliyi mühüm yer tutur. Xətlərin elektrik təchizatının müasir standartlar səviyyəsində qurulması, xüsusilə qatarların hərəkətini təmin edən dartı hissəsinin hər bir xətt üzrə təmin edilməsi məqsədilə “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında iki yeni yarımstansiya inşa ediləcək.
TNS xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görüləcək bu işlər hər bir xəttin təhlükəsiz enerji təminatına zəmin yaradacaq.
Xətlər ayrıldıqdan sonra Qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq, həm də qatarların sayının artırılması lazım gələcək. Hərəkətin intensivliyi enerji tələbatını da artıracaq. Qatarların yenilənməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik enerjisinin fasiləsizliyini, etibarlığını və elektrik təchizatı məsələlərinə yeni yanaşmanı aktuallaşdırır. Buna görə də Qırmızı xəttin 1967-ci ildən fəaliyyət göstərən 1 saylı dartı elektrik yarımstansiyasının tamamilə yenidən qurulması da zəruri və qaçılmazdır.