Havaların qeyri-sabit keçməsinin səbəbi açıqlandı

Hazırda ölkəmizin xüsusilə dağlıq və dağətəyi ərazilərində qeyri-sabit hara şəraiti hökm sürür. Bu gün hətta Bakıda və Abşeron yarımadasında da güclü külək müşahidə olunur.
Havaların bu ayda qeyri-sabit keçməsi normaldır? Hazırda müşahidə olunan hava şəraiti orta illik normalara yaxındırmı? Qlobal istiləşmənin təsiri hiss olunurmu?
TNS-in bu barədə suallarını Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin böyük elmi işçi Cəmilə Əhmədova cavablandırıb.
O bildirib ki, yaz aylarından xüsusilə mart daha çox qeyri-sabit keçir. Apreldə isə müəyyən günlərdə havanın qeyri-sabit keçməsi normal haldır: "Bu günlərdə Bakıda güclü küləyin müşahidə olması da normaldır. Bakı şəhəri və Abşeron yarımadası öz küləkləri ilə məşhurdur.
Ölkəmizin bütün ərazisində iqlimin istiləşməsi müşahidə edilir. Son onilliklərdə bu proses daha sürətlə gedir. Bunun bariz nümunəsi xüsusilə yay aylarında isti dalğaların sayının və təkrarlanmasının artması, qışın daha yumşaq keçməsidir.
Aprel ayının ilk günlərindən temperatur iqlim normasından yüksək müşahidə edilir.
İqlimin istiləşməsi təkcə bizim ölkə üçün xarakterik deyil, bütün dünyada belədir. Ötən il ölkəmizdə keçirilən COP29 tədbirində də bu məsələlərə geniş və ətraflı toxunulub".