Müəllimlərə “hinduşkabaş” demişdi - Həmin direktor işdən çıxarıldı - RƏSMİ

Müəllimləri təhqir edən direktor işdən çıxarılıb.
TNS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.
Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib:
"Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir".
Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddiası ilə “Xəzər TV”yə müraciət ediblər. Müəllimlərin sözlərinə görə, direktor onları “dərs dilənçiləri”, “hinduşkabaş” adlandırıb.