Close

Müəllimlərin “TikTok” sevdası – Onların dərsdə telefondan istifadəsi qadağan edilsə...

Orta məktəblərdə müəllimlərin qısa videolar çəkərək, “TikTok” və digər sosial media platformalarında paylaşması geniş yayılıb. Bu tendensiya isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Müəllimlərin məktəbdə - dərs vaxtı video çəkib paylaşması normal haldırmı?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov bir sıra məqamlara aydınlıq gətirib.

Mütəxəssis bildirib ki, burada əsas məsələ müəllimin məqsədi, hazırladığı videonun məzmunu və konteksti ilə bağlıdır: “Əgər müəllim tədris prosesini, innovativ dərs metodlarını və ya şagirdlərin maraqlı fəaliyyətlərini ictimaiyyətlə bölüşürsə, bu, həm maarifləndirici, həm də motivasiyaedici ola bilər. Belə videolar digər müəllimlər üçün faydalı nümunəyə çevrilər, ictimaiyyətdə müəllim nüfuzunu artırmağa xidmət edər. Xüsusilə də, müasir dövrdə təhsil ictimaiyyətinin sosial şəbəkələrdə daha çox görünməsi cəmiyyətin təhsilə marağını artırır və müəllim peşəsinin nüfuzunu qaldırır.

Lakin problem ondadır ki, bəzən müəllimlərin paylaşdıqları videolar qeyri-peşəkar tərzdə, məqsədsiz, hətta bəzən şagirdlərin hüquqlarını pozacaq formada çəkilir. Sinifdə dərs getdiyi halda, müəllimin telefonla video çəkib “TikTok”da “trendə ayaq uydurması” cəmiyyət tərəfindən haqlı olaraq tənqidə məruz qalır. Çünki bu zaman dərs prosesi pozulur, şagirdlərin diqqəti yayınır və müəllimin peşəkar imici zədələnir.

Bu vəziyyətdən irəli gələrək, sual yaranır. Gələn ildən şagirdlər üçün məktəbdə telefon istifadəsi qadağan ediləcəksə, bəs müəllimlərin telefondan bu cür istifadəsi necə izah olunacaq? Əgər məktəbdə texnoloji intizam prinsipi tətbiq olunursa, o zaman bu prinsip hər kəs – həm şagird, həm də müəllim üçün keçərli olmalıdır. Əks halda, təhsil müəssisəsində ikili standartlar formalaşır ki, bu da tərbiyəvi baxımdan olduqca zərərlidir.

Digər tərəfdən, müəllimin dərsdə və ya sinifdə telefonla video çəkməsi pedaqoji etikaya da zidd ola bilər. Xüsusilə də şagirdlərin icazəsi olmadan onların görüntüsünü yaymaq şəxsi məxfiliyin pozulması kimi qiymətləndirilə bilər”.

Kamran Əsədov bildirib ki, təhsil müəssisəsi ciddiyyətin, məsuliyyətin və etibarın təcəssüm olunduğu bir mühit olmalıdır. Onun sözlərinə görə, əgər “TikTok” üçün trend video çəkmək o mühiti zədələyirsə, bu, artıq narahatlıq doğurmalıdır.

Mütəxəssis vurğulayıb ki, müəllimlərin video paylaşması ancaq məqsədli, pedaqoji məzmunlu və etik çərçivədə baş verdikdə normal və faydalı sayıla bilər: “Əgər həmin fəaliyyət dərsi, sinif mühitini, şagirdləri və ya təhsilin ciddiyyətini kölgədə qoyursa, o zaman bu, nə peşəkar davranış sayılır, nə də nümunəvi addım. Ona görə də bu məsələdə məktəblər və Elm və Təhsil Nazirliyi tərəfindən aydın qaydalar, etik standartlar müəyyənləşməli, müəllimlər üçün bu mövzu ilə bağlı maarifləndirici təlimlər keçirilməlidir. Təhsilin nüfuzu sosial mediada deyil, sinif otağında qorunmalıdır”.

Aygün