Close

23:40
01 Aprel 2025

Nikahla bağlı iki vacib qadağa bu tarixdə qüvvəyə minəcək

3 aydan sonra qohum evliliklərinə qoyulan qadağa qüvvəyə minəcək.

Həmçinin, Azərbaycanda Ailə Məcəlləsinə edilən digər bir dəyişikliklə 18 yaşdan kiçik şəxslərin nikaha daxil olması da qadağan olunacaq.

Mövzu ilə bağlı TNS-ə məlumat verən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Abbaslı-Əsgərli bildirib ki, Ailə Məcəlləsinə edilən dəyişkliklər çoxsaylı araşdırmanın nəticəsi kimi ortaya çıxıb: “Qanunvercilikdə bu məsələni qadağa halına gətirməklə gələcəkdə qohum evliliklərdən doğula biləcək uşaqların sağlamlıq məsələsi ən üstün niyyət kimi nəzərə alınıb. Mövcud dəyişiklik iyulun 1-dən qüvvədə olacaq. Məhz həmin tarixdən sonra qohum nikahına daxil olmaq istəyənlərin, eləcə də 18 yaşından kiçik şəxslərin nikahının dövlət qeydiyyatı aparılmayacaq. Təbii ki, dövlət qeydiyyatının aparılmadığı nikahlarla bağlı gələcəkdə ortaya çıxan hər hansı mübahisələrin sonradan hüquqi müstəvidə həll olunması mümkün olmayacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024-cü ildə Ailə Məcəlləsinə nəzərdə tutulan dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.

Aygün