Close

19:40
30 Mart 2025

İlin sonuna qədər bu avtobusların hamısı dəyişdiriləcək

Ölkə üzrə avtobusla sərnişin daşınmasında 1330-dan çox marşrut xətti fəaliyyət göstərir.

Bu barədə TNS-ə məlumat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.

Avtobusla sərnişindaşıma üzrə dövlətin yeganə operatoru olan “BakuBus” MMC –dən aldığımız məlumata görə, onlar hazırda şəhərdaxili 52 müntəzəm marşrut xətti, rayonlararası Gəncə, Mingəçevir, Zaqatala, Qazax, Tərtər, Bərdə və Naxçıvan istiqamətləri üzrə marşrut xətləri ilə fəaliyyət göstərir. Günlük olaraq 900-ə yaxın avtobus xəttə çıxarılır və 600 minə yaxın sərnişinin daşınması təmin edilir. Bundan əlavə, BakuBus-ın hava limanı ekspres xətti 24 saatlıq fasiləsiz rejimdə sərnişinlərə xidmət göstərir.

Sərnişinlər yaşadıqları ərazilərə xidmət göstərən avtobusların BakuBus-dan olmasını daha çox arzulayır. Səbəb sadədir. Çünki MMC-yə məxsus avtobuslar yeni, daha rahatdır.

Bəs, sərnişindaşınma üzrə dövlət operatorunun payını daha çox artırmaqla bu sahədə mövcud vəziyyəti yaxşılaşdırmaq mümkündürmü?

Yararsız vəziyyətdə olan avtobusların özəl daşıyıcılara məxsus olduğu məlumdur. Ümumiyyətlə, bu sahədə vəziyyəti nizamlamaq üçün hansı addımlar atılır və ya atılmalıdır?

Mövzu ilə bağlı TNS nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikirlərini öyrənib.

Ekspert bildirib ki, “BakuBus” MMC dövlət büdcəsi ilə formalaşan daşıyıcı şirkət olaraq, digər daşıyıcılar üçün bir nümunə oldu: “Dövlət operatorunun marşruta buraxdığı avtobuslar əsasən, ekolji cəhətdən təmiz, sıxılmış qazla işləyən nəqliyyat vasitələridir. Kart sisteminin tətbiqi, sərnişinlərin rahatlığı, əlilliyi olan insanlar üçün şəraitin yaradılması kimi amillər ilkin başlanğıcda artıq yenidən formalaşan ictimai nəqliyyat sistemində nümunəvi xidmət oldu. Hazırda BakuBus səviyyəsində xidmət göstərən özəl daşıyıcı şirkətlər də var. Həmin şirkətlərin də avtobus parkı sağlam, ekeolji cəhətdən təmiz nəqliyyat vasitələrindən ibarətdir. Müştərilərə təqdim olunan servis xidməti yüksəkdir”.

E.Cəfərov bildirib ki, sərnişindaşınma yalnız dövlətə məxsus şirkətlər tərəfindən həyata keçirilməli deyil. Belə ki, hazırda olduğu kimi özəl şirkətlərə də şərait yardılmalıdır: “Marşrutların bölgüsü tender əsasında həyata keçirilir. Kimdə resurs daha çoxdur və daha yaxşı xidmət təklif edirsə, avtobus parkı yenidirsə tenderdə qalib olur.

Sərnişindaşımada çalışan özəl daşıyıcılar qarşısında da marşruta buraxılan avtobusların yenilənməsi ilə bağlı tələblər qoyulub. Dövlət tərəfindən bu cür nəqliyyat vasitələrinin ölkəyə idxalı zamanı da müəyyən güzəştlər tətbiq olunur. Sərnişindaşınma üzrə nizamlama prosesi gedir. Sadəcə olaraq, hazırda elektriklə işləyən avtobusların qiyməti çox yüksəkdir. Ona görə də hər bir özəl daşıyıcı bu avtobusları qısa müddətdə alıb gətirə bilmir. Bir qədər vaxt lazımdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu ilin sonuna qədər Bakının ictimai nəqliyyatında köhnə avtobus qalmayacaq”.

Eldəniz Cəfərov qeyd edib ki, ictimai nəqliyyat sahəsində köhnə, müasir tələblərə cavab verməyən avtobuslar qalmamalı, hamısı dəyişdirilməlidir: “ Artıq ötən ildən ölkəyə elektriklə işləyən avtobusların gətirilməsinə başlanılıb. 161 ədəd gətirilib və marşruta buraxılıb. Bu ilin sonuna qədər ölkəmizdə təxminən 250 ədəd elektrik mühərrikli avtobus istehsal olunacaq. Əgər biz istehsal prosesini ölkəmizə gətirə bilmişiksə, bu o deməkdir ki, mərhələ ilə ictimai nəqliyyatda fəaliyyətdə olan avtobuslar yeniləri ilə əvəzlənəcək”.

Aygün