Close

19:40
30 Mart 2025

Təhsil sistemində kosmetik düzəlişlərlə nə əldə edə bilirik?

“Məktəbəqədər hazırlıq qrupları formal xarakter daşımamalıdır. Bu mərhələ I sinif kimi tanınmalı və ümumi təhsilin ilk pilləsi hesab olunmalıdır”.

TNS xəbər verir ki, bunu təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov deyib.

O bildirib ki, bu yanaşma erkən yaşlardan sistemli təhsilin əsasını qoymuş olacaq.

Mütəxəssisin fikrincə, təhsildə növbəti mərhələ IV sinifdən ümumi orta təhsilin başlanması olmalıdır: “lV sinifdən ümumi orta təhsilin başlaması həm kurikulumun ardıcıllığını təmin edər, həm də dərs yükünü daha məqsədəuyğun şəkildə tənzimləyər.

Müəllimin stavkası 24 saata qaldırılmalı, ona bu iş yükünə uyğun olaraq ən azı yarımştat maaş verilməlidir. Belə olan halda müəllimlərin 2 yerdə işləməsi hüquqi və təşkilati baxımdan məcburi xarakter almalı, sistemli əmək bölgüsü formalaşmalıdır. Bu, həm müəllimlərin sosial rifahını, həm də təhsilin keyfiyyətini yüksəldəcək”.

Kamran Əsədov bildirib ki, məktəblərdə funksionallığını və aktuallığını itirmiş ştatlar – UBR, laborant, kitabxanaçı, təlim-tərbiyə işləri üzrə direktor müavini və təsərrüfat üzrə direktor müavini vəzifələri ləğv olunmalıdır. Onların yerində daha funksional və nəticəyə yönəlik yeni ştat vahidləri yaradılmalıdır: “Tədris işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, monitorinqlər üzrə direktor müavini və texnologiyalar üzrə direktor müavini kimi ştatlar yaradılmalıdır.

Məktəb idarəçiliyində çeviklik, səmərəlilik və hesabatlılıq prinsipləri məhz bu dəyişikliklərlə təmin oluna bilər. Təhsil sistemində real dəyişiklik istəyiriksə, köhnə strukturlar üzərində kosmetik düzəlişlər deyil, funksional və ehtiyaca əsaslanan yeni idarəçilik modeli qurmalıyıq”.