Bakıda yaşayış olan evi qanunsuz sökdülər - İki nəfər saxlanıldı

Bakıda tikinti şirkəti yaşayış olan evləri sökməyə başlayıb.
TNS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.
Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.
Sonra isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Qeyd olunub ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda deyilib.
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.
Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.