İlqar Orucov: “Azərbaycanın inkişafında elmimiz lokomativ rolunu oynamalıdır” - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasından 80 il ötür. Bu gün, həmçinin ölkədə “Elm günü” qeyd olunur.
Azərbaycanda elmin inkişafında AMEA-nın rolu və bu gün qarşıda duran vəzifələrlə bağlı TNS-in suallarını Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov cavablandırıb.
-İlqar müəllim, AMEA-nın 80 yaşı olur. Azərbaycan cəmiyyəti üçün bu elm məbədi nə ifadə edir?
-Martın 27-si Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranma günü, həmçinin ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə “Elm Günü” kimi qeyd olunur. Bu gün elm adamlarının peşə bayramıdır, eyni zamanda alim və tədqiqatçılar üçün bir hesabat günü, növbəti il üçün fəaliyyət planının üzərində düşünmək fürsətidir.
AMEA-nın şərəfli tarixi olub. Azərbaycan xalqının milli düşüncəsinin formalaşmasında, eyni zamanda xalqın ümumi intellektual və elmi potensialının formalaşmasında AMEA-nın müstəsna xidmətləri olub. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev AMEA-nın Azərbaycan xalqının tarixində oynadığı misilsiz rolu düzgün qiymətləndirərək, bu elm ocağını xalqımızın milli sərvəti adlandırırdı. Azərbaycanda məhz AMEA-nın yaranmasından sonra ciddi elmi tədqiqatlar aparılıb və elm tarximizdə bu gün qürurla danışa biləcəyimiz elmi yeniliklərə imza atılıb. Azərbaycanda yaradılmış elmi məktəblər mövcud olub ki, o ənənələr bu gün də davam etdirilir. AMEA-da bəzi elmi-tədqiqat institutları olub ki, nəinki Azərbaycanda, hətta keçmiş sovetlər məkanında ən güclü elmi-tədqiqat müəssisələri kimi uzun müddət öz funksionallığını saxlaya bilib. Azərbaycan alimləri elmi nəticələri ilə bəşəriyyətin elm tarixinin zənginləşməsində misilsiz xidmətlər göstərib.
-Müstəqilliyin ilk illərində AMEA çətin sınaqlarla üzləşib, ölkədən gedən alimlər çox olub...
-Təbii ki, müstəqilliyimizin ilk illərində ölkədə olan özbaşınalıq, hərc-mərclik və siyasi səbatsızlıq AMEA-dan da yan keçməyib. Xatırlayıram ki, o zaman AMEA-da çalışan alimlər xarici ölkələrə üz tuturdular. O alimlərin səviyyəsi dünya miqyasında tədqiqat aparmağa imkan verirdi. Onlar məhz AMEA-nın yetirmələri idi. AMEA bağlanmaq təhlükəsi ilə üzləşmişdi. Ulu Öndər Heydər Əliyev AMEA-ya xüsusi önəm verməyə başladı. Onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü də AMEA-da alimlərlə keçirilmişdi. Bu, təsadüfi deyildi. Ulu Öndərin müstəqil dövlətin yaranmasında və inkişafında elmin roluna, alimlərin fikirlərinə verdiyi dəyərdən irəli gəlirdi. Ulu Öndər o zaman çətin dövrlər olmasına baxmayaraq, AMEA-nın saxlanması və inkişaf etdirilməsi istiqamətində işləri, eyni zamanda alimlərin qarşısında duran vəzifələri düzgün müəyyənləşdirdi. O qeyd edirdi ki, Azərbaycanda bütün elm sahələrinin inkişafı vacibdir. Amma humanitar və ictimai elmlər sahəsinə ciddi diqqət yetirilməlidir. Çünki milli dövlətçilik ideyalarının formalaşması, dərinləşməsi milli dövlətimizin sarsılmaz olması naminə məhz o tədqiqatlara ehtiyac var. Azərbaycan tarixinin düzgün yazılmasını tövsiyə edirdi. Sonradan Azərbaycan tarixinin Vll cildliyi ərsəyə gəldi. Ümummilli Liderimiz, əslində, bütün elm sahələrinə diqqət və qayğı göstərirdi. Alimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və davamlı qəbul etdiyi qərarların şahidi olduq.
-Bu gün vəziyyəti necə qiymətləndirmək olar? Gənclərin elmə cəlbi, alimlərin sosial müdafiəsinin gücləndirilməsi üçün hansı işlər görülür?
-Ümummilli Liderin siyasətini davam etdirən Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra AMEA-ya qayğısını davam etdirdi. Alimlərin, eyni zamanda ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən elm sahələrində tədiqat aparmalarını tövsiyə edərək, öz dəstəyini də hər zaman ifadə edirdi.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan verib.
Prezidentin imzası və təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondu yaradıldı. Sonradan publik hüquqi şəxsə çevrilərək Azərbaycan Elm Fondu adı altında bu gün də fəaliyyət göstərir və alimlərin mühüm tədqiqatlarının maliyyələşdirlməsində müstəsna xidmətləri var.
Dövlət başçısının 2016-cı il 14 iyun tarixli Fərmanına əsasən ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Elmin maliyyələşmə mexanizmləri, idarə olunması, bütövlükdə bütün hüquqi normalar məhz bu qanunda əksini tapıb.
Prezident İlham Əliyev dəfələrlə AMEA-da alimlərlərə görüşüb. AMEA-nın yubileylərinin təşkil olunmasına önəm verib. Bu il də AMEA-ın 80 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Ölkə başçısı hər zaman yeni nəsl elmi tədqiqatçıların formalaşmasına böyük önəm verib.
“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində gənclər xaricdə doktorantura təhsili almaq imkanı da qazanıblar. İcra olunmuş proqramın ciddi nəticələrini sonrakı illərdə görəcəyik. Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı ll Dövlət Proqramının müddəti 2028-ci ilə qədər uzadılaraq, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” qəbul olunub.
Bütün bunlar Azərbaycan dövlətinin milli elmi potensialın yaradılmasına xidmət edən mühüm işləridir. Proqram çərçivəsində doktorantura pilləsində təhsil alan gənclər gələcəkdə Azərbaycan elminin inkişafında mühüm rol oynayacaqlar. Azərbaycanda elmin inkişafına dövlət dəstəyi konseptual xarakter daşıyır. Alimlərin sosial müdafiəsinin gücləndirilməsi, elmin idarə olunmasında yeni mexanizmlərin tətbiqi, Elm və Təhsil Nazirliyinin yaradılması və dövlətin elmi siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq müəyyənləşdirilməsi, elmlə təhsilin vəhdətinin təmin olunmasına yönəlmiş proses növbəti illərdə elmi fəaliyyətimizin məhz dövlətin gözləntilərini təmin edəcəyinə əminlik yaradır.
-İlqar müəllim, bu gün alimlərimizin qarşısında duran ən mühüm vəzifələrdən nələri sadalaya bilərsiniz?
-Əlbəttə ki, qarşıda daha böyük işlər var. Azərbaycanın hərtərəfli inkişafında Azərbaycan elmi lokamativ rolunu oynamalıdır. Prezidentin fikirlərində hər zaman bu məqamı görürük. Prezident bu barədə deyir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir”.
Bu, bir daha Azərbaycanda elmə və təhsilə ali səviyyədə diqqət və qayğını göstərir. Azərbaycanın elmi ictimaiyyəti, tədqiqatçıları dövlətin ali siyasi rəhbərliyinin onlardan gözləntilərini doğrultmaq istiqamətində daha səylə, məhsuldar çalışmalıdırlar.
Bu gün Azərbaycanın qarşısında çox mühüm vəzifələr durur. Bu vəzifələr, həm də ölkənin intellektual kəsimi olaraq, alimlərin üzərinə düşür. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, bərpasında, “Böyük Qayıdış” proqramının icrasında alimlər ciddi rol oynamalıdırlar. Öz elmi ideyaları, innovativ yanaşmaları ilə bu işlərə töhfələrini verməlidirlər. Eyni zamanda, Ali Baş Komandının rəhbərliyi altında böyük qələbə qazanmış qalib Azərbaycan Ordusunun hərbi potensialının daha da gücləndirilməsi, müdafiə sənayesində elmi innovativ yanaşmaların önəmi nəzərə alınaraq, tədqiqatların aparılması vacibdir.
-Alimlərimiz işğaldan azad olunan ərazilərdə də tədqiqat aparırlar...
-İşğaldan azad olunan ərazilərdə artıq tədqiqatlara başlanılıb. Hesab edirəm ki, bu tədqiqatlar daha da genişləndirilməlidir. Həmçinin, Zəfər tariximizin yazılması, gələcək nəsillərə çatdırılması istiqamətində alimlər daha səylə çalışmalıdırlar. Çox mühüm vəzifələrdən biri də Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlıdır. Tarixi ərazilərimizin erməniləşdirilməsi, dağıdılması kimi ciddi məsələlər var ki, alimlər öz elmi əsərləri ilə bunlara cavab verməlidirlər.
Üfüqdə lV sənaye inqilabı, süni zəka, rəqəmsallaşma, digər qlobal tədqiqat mövzuları var. Sürətli elmi-texiniki inkişafdan geri qalmamaq naminə qarşıda görəcəyimiz böyük işlər var.
AMEA-nın qarşısında, xüsusilə milli düşüncə tərzinin formalaşması və dərinləşməsinə xidmət edən sahələrdə tədqiqatlar aparılması kimi mühüm vəzifələr dayanır. AMEA ənənələrə sadiqliyini davam etdirərək, yeni baxışı ortaya qoya bilir.
Bu işlərin həyata keçirilməsində alimlərə uğurlar arzu edirəm.
AMEA-nın bütün əməkdaşlarını, gənc alimləri, müxtəlif ali təhsil ocaqlarında çalışan alim və tədqiqatçıları, nazirlik və komitələrin nəzdində fəaliyyət göstərən sahə institutlarının tədqiqatçılarını təbrik edirəm.
Dövlətimizin inkişafı naminə fəaliyyətlərində onlara uğurlar arzu edirəm.
Aygün İbrahimli