Close

23:54
27 Mart 2025
23:21
27 Mart 2025

ŞAD XƏBƏR: Sosial müavinət və təqaüdlər artırılır

Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən müddət artıq başa çatıb.

Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı 2024-cü il dekabrın 23-də imzalanmışdı və Nazirlər Kabinetinə 3 ay vaxt verilmişdi.

Deputat Vüqar Bayramov TNS-ə bildirib ki, adı keçən təkliflər Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq:

“Güman olunur ki, vaxt başa çatdığı üçün bu təkliflər artıq hazırdır və Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq. Təqdim olunduqdan sonra ölkə başçısı tərəfindən müvafiq sənədin imzalanacağı gözlənilir ki, bununla da sosial paketin digər istiqaməti-sosial müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək. Təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artım olacağı bəlli olacaq”.

Bəs, sosial müavinət və təqaüdlərdə artım faizinin nə qədər olacağı ehtimal olunur?

Eyni zamanda, müavinətlərdə olacaq artım bu ilin yanvarın 1-dən hesablana bilərmi?

İqtisadçı Xalid Kərimli TNS-ə bildirdi ki, təkliflər hazır olsa da, tətil müddətində açıqlanması gözlənilmir: “Ölkədə tətil müddəti olduğu üçün təkliflərin bu həftə açıqlanması gözlənilmir. Nəzərdə tutulan artım, çox böyük ehtimalla, əvvəlki ayları əhatə etməyəcək. Qərar qəbul edilmiş tarixdən sonrakı dövrü əhatə edəcək. Bununla bağlı elə bir qayda yoxdur. Hökumətin əlində olduğu üçün istədiyi formada edə bilər. Amma görünən odur ki, bundan sonrakı dövrə şamil ediləcək”.

İqtisadçı xatırladıb ki, hökumət tərəfindən 10-dan çox kateqoriyalı şəxslərə aylıq sosial müavinət verilir. Bundan başqa, bir sıra şəxslərə-müharibə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, şəhid ailəsi üzvlərinə Prezident təqaüdü, Vətən qəhrəmanı adı verilmiş şəxslərə, fəxri adları olanlara, tələbələrə də təqaüdlər verilir. Eyni zamanda, birdəfəlik müavinətlər- uşağın anadan olması, ölənlərin dəfni üçün və s. ödənişlər var: “Biz , çox güman ki, 2025-ci ilin ikinci rübündən sosial təqaüd və müavinətlərin artırılmasının şahidi olcağıq. Müavinət növlərindən asılı olaraq, ortalama 10-15 faizlik artım gözlənilir. Dəqiq rəqəmlər hazırlanan təkliflər açıqlandıqdan sonra bəlli olacaq”.

Aygün İbrahimli