Tanınmış aparıcı AAYDA-nı məhkəmədə uddu: təzminat alacaq

Bakı-Quba yolunda avtomobilinə maddi ziyan dəymiş tanınmış radio aparıcısı Elgün Xıdırov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) məhkəməyə verib.
TNS xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Aparıcı bildirib ki, təxminən 1 il əvvəl Xaçmaza gedərkən Şabran rayonu ərazisində avtomobilinin təkəri çuxura düşərək partlayıb: “İlk işim 102 qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mən isə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı, asqı sistemindəki digər detallar da sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, qurumdan heç bir reaksiya olmadı. Zəng vurduqda yenə eyni vəziyyət, vətəndaş müraciətlərinə laqeydlik və hətta kobud davranış, şikayətlərə isə 0 reaksiya gördüm.
Beləliklə qərara aldım ki, bu məsuliyyətsizlik, laqeydlik və hörmətsizliyə qarşı durmaq artıq təkcə mənim yox, hər gün, hər ay, hər il minlərlə zərər görən sürücülərin mövqeyi olaraq prinsipial məsələdir.
Sənədləri hazırlayıb Binəqədi rayon Məhkəməsinə müraciət etdik və məhkəməni uddum. Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA apellyasiya şikayəti verdi. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı" - deyə Elgün Xıdırov bildirib.
Qeyd edək ki, məhkəmənin qərarına görə, AAYDA avtomobilə dəymiş maddi ziyanla bağlı 933 manat ödəməlidir.