Bu bayram başqadır... - FOTOLAR

Belə şənliklərdən biri də Bakı şəhərində metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən istirahət parkında keçirilib.
TNS xəbər verir ki, parkın rəhbərliyi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə keçirilən tədbirə Bakı sakinləri və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri qatılıb.
Bayram əhval-ruhiyyəsində, rəngarəng bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb, gənc rəssamların rəsm əsərləri nümayiş etdirilib.Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar və çalğıçılar iştirak ediblər.
Mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət xadimləri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, gimnastika üzrə nümunəvi çıxışlar olub.
Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub.
Gün ərzində davam edən bayram tədbiri iştirakçılarda bayram əhval-ruhiyyəsi yaradıb.
Xatırladaq ki, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşən bu parkın açılışı yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilib.