Müavinət və təqaüdlərin nə qədər artırılacağı bu həftə məlum olacaq?

Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əməkhaqqı 12,8 faiz artaraq 1062,9 manata çatıb. Aylıq maaş artımının ikirəqəmli olması bu ildən minimum və eləcə də bir sıra sektorlarda əməkhaqqı artımları ilə bağlıdır. Yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə də müsbət təsir edib.
TNS xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, builki sosial paket 3 milyondan çox vətəndaşı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1,5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub:
“Sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırmaq üzrədir.
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim ediləcəyi gözlənilir. Daha sonra sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacaq.
Beləliklə, sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsinə və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq”.