Close

Bu şəxslər günərzi sosial xidmətlərdən faydalanacaq

Yarımstasionar (günərzi) sosial xidmətin əhatə dairəsi genişləndirilir.

TNS xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Sosial xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşından yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarət olacaq.

Məlumat üçün bildirək ki, hazırkı redaksiyada yarımstasionar (günərzi) sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilir.

Təklif olunan dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və bu, yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.