Komitə rəsmisi: "Qadınlar alimentə görə boşanırlar fikri..."

“Rəsmi rəqəmlərə görə, öhdəliyində olan alimenti ödəməyənlərin 70 fazindən çoxu işsiz və ya azgəlirli şəxslərdir. Bunu nəzərə alanda, aliment borcu olanlara qarşı sanksiyalar nə qədər ağırlaşdırılsa belə, aliment fondunun yaradılması uşaqların mənafeyi baxımından çox önəmlidir”.
Bunu TNS-ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Son vaxtlar aliment fondunun yaradılması məsələsinin tez-tez müzakirə olunduğunu deyən şöbə müdiri hazırda alimentin ödənilməməsi ilə bağlı vətəndaşlardan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çoxlu müraciətlərin daxil olduğunu da bildirib: “Alimentin ödənilməməsi ciddi bir problemdir. Uşaqların maddi rifahına mənfi təsir edir. Boşanan insanların yarıdan çoxunun uşaqlı ailələr olduğunu nəzərə almaq lazımdır. Davamlı olaraq maddi təminatın ödənilməməsi uşaq hüquqlarının ciddi pozuntusudur. Digər tərəfdən, beynəlxalq təcrübədə də aliment fondu yaradan ölkələr var. Bu mexanizm özünü doğruldur”.
Qadınların boşanmağa meyilli olmasının səbəblərindən biri kimi ailmentin göstərilməsinə gəlincə, Taliyyə İbrahimova bu yanaşmanın doğru olmadığını vurğulayıb: “Qadınlar alimentə görə, yəni maddi sıxıntı yaşamayacaqları üçün boşanırlar fikri ümumiyyətlə doğru deyil. Boşanmanın daha dərin səbəbləri var. Hər kəs yaxşı bilir ki, aliment ödənilməyə də bilər, fasilələrlə də ödənilə bilər. O baxımdan, alimentlə bağlı deyilənlər həqiqətə uyğun deyil. Səsləndirilən fikrə bir əsas olmalı, ciddi təhlilin nəticəsi olaraq ortaya qoyulmalıdır. Belə bir araşdırma, bunu təsdiq edən mötəbər mənbə yoxdur. Ona görə də aliment məsələsi boşanmaya səbəb kimi göstərilə bilməz”.
Aygün