İntihar edəcəyini deyən ana övladını geri aldı

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəni intiharla təhdid etməkdə ittiham olunan valideynin uşağı özünə qaytarılıb.
TNS “Oxu.Az”a istinadla xəbər verir ki, uşaq yerləşdirildiyi müəssisədən anaya verilib.
Məlumata görə, uşağın səhhəti yaxşıdır.
Xatırladaq ki, bu il fevralın 11-də Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” hesabından paylaşım edərək bildirmişdi ki, bir il öncə ana iki yaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. Onun sözlərinə görə, dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı Azərbaycan Uşaqlar Birliyinin qaynar xəttinə müraciət edib. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib.
Onun sözlərinə görə, daha sonra sığınacağa yerləşdirilən uşağın qohumları onun valideyninə qaytarılması üçün Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hədə-qorxu gəlib, intiharla təhdid ediblər.
Məsələ mediada işıqlandırıldıqdan sonra uşaq sığınacaqdan çıxarılaraq müəssisəyə yerləşdirilmişdi.