Close

Dövlət Komitəsinin şöbə müdiri TNS-ə açıqlamasında da qalmaqallı fikirlərini dəyişmədi

Azərbaycanda ailə qanunvericiliyində dəyişikliklər nəzərdə tutulur. Hazırda qanunvericilikdə aparılacaq dəyişikliklər paketi hazırlanır.

Dəyişikliklər paketində hansı yeniliklər olacaq, yenilik nələri əhatə edəcək?

Bu məsələ ilə bağlı, eyni zamanda cəmiyyətimizdə ailələrin üzləşdikləri bır sıra problemlərin səbəbləri ilə bağlı TNS-in suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova cavablandırıb.

Ölkəmizdə ailə siyasətinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu deyən şöbə müdiri son illərdə boşanma hallarının artması, nikahların azalması kimi məsələlərin ölkə rəhbərliyini də narahat edən məqam olduğunu bildirib.

O qeyd edib ki, bu kimi amillər nəzərə alınaraq, Komitə tərəfindən təhlillər aparılıb: “Mərkəzi icra hakimiyyəti orqanı olaraq, ailə qanunvericiliyinin hazırda tətbiqi ilə bağlı mövcud vəziyyəti özümüz üçün təhlil etmişik və bu istiqamətdə təkliflər paketi hazırlamışıq. Əsasən də bu təkliflər boşanma prosesləri ilə bağlıdır. Ümumiyyətlə, dünyada boşanmaların sayının artması ilə bağlı tendensiyalar var. Dövlətlər tərəfindən də, ən azından ailə institunun möhkəmləndirilməsi istiqamətində, müəyyən tədbirlər görülür. Həm ailələrə sosial dəstək proqramları göstərilir, eyni zamanda nikah və boşanmaların tənzimlənməsi ilə bağlı qanunvericilikdə dəyişkilklər edilir. Azərbaycanda da ailə qanunvericiliyinə yenidən baxışa, nikah və boşanmalarla bağlı əlavə və dəyişkliklərin edilməsinə ehtiyac var.
Boşanma proseslərində ailələrin psixoloji yardıma yönləndirilməsi ilə bağlı təkliflər var. Buna ehtiyac var”.

T. İbrahimovanın sözlərinə görə, Azərbaycanda boşanmaların səbəbləri ilə bağlı təhlillər göstərir ki, səbəb kimi əksəriyyət xasiyyət uyuşmamasını qeyd edir.

O qeyd edib ki, boşanmalarda təşəbbüskarların - yəni, məhkəmyə müraciət edənlərin  70 faizi qadınlar olur: “Məhkəməyə qadınların müraciət etməsi o demək deyil ki, səbəbkarlar qadınlardır. Boşanmanın səbəblərini çox vaxt tərəflər dəqiq göstərmirlər. Amma boşanmanın çox dərin səbəbləri olur. Xüsusilə də məişət zorakılığını qeyd etmək lazımdır. Söhbət daha çox psixoloji zorakılıqdan gedir. Bir çox ailələrdə psixoloji zorakılığın əlamətləri var, amma bu barədə hər hansı dövlət orqanlarına müraciət daxil olmur. Baxmayaraq ki, psixoloji zorakılığa görə İnzibati Xətalar Məcəlləsində cərimə də nəzərdə tutulub. Psixoloji zorakılıq sonda daha ağır fəsadlara gətirib çıxarır. Ailədaxili münasibətləri daha gərgin vəziyyətdə saxlayır və uzun illər bu problem davam etdikcə, münasibətlər kəskinləşir və daha ağır zorakılıq formalarına keçir. O baxımdan, ailədaxili münaqişələr olanda aidiyyatı qurumlara şikayətin vaxtında eidlməsi önəmlidir. Eyni zamanda, ilkin mərhələdə psixoloji yardıma ehtiyac ola bilir ki, bu zaman psixioloji xidmətin dövlət tərəfindən əlçatanlığının təmin olunması vacibdir. Həmçinin boşanma proseslərində tərəflərdən biri boşanmağa razı olmadıqda məhkəmə prosesi dayandırır və 3 ay müddətində tərəflərə barışıq vaxtı verilir. Bu müddət ərzində, bir çox hallarda münasibətlər daha da ağırlaşır. Bu da uşaqların vəziyyətinə mənfi təsir edir. Ona görə təklifimiz odur ki, hətta tərəflərdən biri boşanmağa razı olmasa belə, artıq hakim bəzi istisna hallardan başqa, həmin 3 aylıq barışıq müddətinin verilməsi ilə bağlı qərarı çıxarmasın. Əgər ailədə məişət zorakılığı varsa, tərəflərdən birinin narkotik, spirtli içki kimi zərərli vərdişləri varsa, xəyanət varsa, bu zaman müddətin verilməsinə ehtiyac yoxdur”.

Komitənin daha bir təklifi ailə bərpa mərkəzlərinin yaradılması ilə bağlıdır.

Komitə rəsmisi bildirib ki, əgər belə mərkəzlər Azərbaycanda fəaliyyət göstərərsə, bu da boşanmaların sayının azalmasına təsir edə bilər: “Beynəlxalq praktikada bununla rastlaşırıq. Xüsusilə mediasiya prosesində tərəflər ailə bərpa mərkəzinə yönləndirilər, onlara orada psixoloji hüquqi yardımlar göstərilər. Onların münasibəti qiymətləndirilər”.

T.İbrahimova bildirib ki, hazırda təkliflər paketi aidiyyatı qurumlarla razılaşdırılma mərhələsindədir. Müsahibimiz onu da qeyd edib ki, eyni zamanda hazırda Ailə konsepsiyasının hazırlanması ilə bağlı da işlər aparılır: “Bu barədə hələ ki, ətraflı məlumat açıqlamaq istəmirik. İlkin layihə hazır olduqdan sonra bu barədə məlumatlar təqdim olunacaq”.

Aygün İbrahimli