Close

Azalan əmək pensiyaçılarının sayıdır, yoxsa əlillərin?

Azərbaycanda əmək pensiyaçılarının sayı son 7 ildə 216 657 nəfər azalıb.

2017-ci ildə 1 315 229 nəfər əmək pensiyaçısı olduğu halda, ötən il bu rəqəm 1 098 572 nəfər olub. Yəni, 2017- 2024-ci illərdə əmək pensiyaçılarının sayı 216 657 nəfər azalıb.

Bu sayın azalmasının əsas səbəbi nədir? Azalma növbəti illərdə də davam edəcəkmi?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən, əmək pensiyalarının üç növü var. Yaşa görə, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının olduğunu qeyd edən deputat sayın azalması məsələsinə aydınlıq gətirib: “Son illərin statistikası göstərir ki, yaşa görə əmək pensiyalarında azalmalar qeydə alınmır. Son 7 ilə baxsaq, azalan say əlilliyə görə əmək pensiyası alanların sayının azalması ilə bağlıdır. Bu da əlilliyin yenidən qiymətləndirilməsindən irəli gəlir. Yəni, əllilik dərəcəsi olanların sayı azalır”.

Azalmanın növbəti illərdə də davam edib-etməyəcəyinə gəlincə deputat qeyd edib ki, artıq son iki ildə rəqəmlərin stabilləşməsi müşahidə edilir: “Son iki ildə rəqəmlərdə stabilləşmə var. Gözlənti belədir ki, növbəti illərdə əmək pensiyası alanların sayı stabil olacaq. İllər üzrə müəyyən dəyişikliklər ola bilər. Amma xüsusilə əlillik dərəcəsinin qiymətləndirilməsi prosesinin daha çox 2019 və 2023-cü illəri əhatə etdiyini, sonrakı dövrlərdə praktiki olaraq bu sahədə əlillik dərəcəsinin qiymətləndirilməsinin azalması faktorunu nəzərə alsaq, artıq əmək pensiyaçılarının sayının stabilləşməsini müşahidə edəcəyik”.

Aygün