Təhsil proqramlarında yenilik - Ali məktəblərdə tədris 3 ilə endirilir

Elm və Təhsil Nazirliyi ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması istiqamətində işə başlayıb. Bu məqsədlə yaradılmış Komissiyanın ilk iclası da keçirilib.
Elm və təhsil nazirinin müavini İdris İsayev əmək bazarının tələblərinin yeniləndiyini və kadr hazırlığının da bu çağırışlara uyğunlaşmasının vacibliyini vurğulayıb.
Ötən il Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatının təsdiq edildiyini xatırladan İdris İsayev qeyd edib ki, təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir. O, proqramların işəgötürənlərin tələblərinə uyğun olmasının vacib olduğunu deyib.
Yeni təhsil proqramları özündə nəyi ehtiva edəcək? Hazırda ali məktəblərdə tədris olunan fənlərin sayı çoxdurmu? Fənlərin azaldılması, qruplaşdırılması aparılarkən hansı meyarlar əsas götürüləcək?
Mövzu ilə bağlı TNS-in suallarını iqtisad elmləri üzrə fəlsəfə doktoru, Bakı Ali Neft Məktəbinin "Biznesin idarə edilməsi" kafedrasının müdiri Altay İsmayılov cavablandırıb.
O bildirib ki, yeni kurikulumun formalaşdırılması istiqamətində ilk olaraq beynəlxalq təcrübə araşdırılmalıdır: "Mütərəqqi təcrübədən yararlanaraq biz də ali təhsil pilləsində öz kurikulumlarımızı zənginləşdirməliyik. Keçmiş kurikulumla müqayisədə dövrün tələblərilə uzlaşmayan ixtisaslar, müxtəlif ixtisaslar içərisində yer alan və bu gün aktuallığını itirən fənlər çıxarılmalı, müasir tələblərə cavab verən ixtisas və fənlər kurikuluma daxil edilməlidir. Əsas məsələlərdən biri fənlərin sayının çox və ya az olması yox, onların əmək bazarı tərəfindən tələb görməsi, keyfiyyətli tədris edilməsidir. Gedişat onu göstərir ki, fənlərin az və ya çoxluğuna yox, onların keyfiyyətinə fokuslanmaq lazımdır. Bəzi hallarda bizim tədris proqramlarında yer alan fənlərdə bir çox mövzu bir-birini təkrarlayır. Təkrarlanan mövzular çıxarıla, bir-birinə yaxın olan fənlər birləşdirilə bilər. Bununla təkrarçılığın və vaxt israfının qarşısı alınar”.
Altay İsmayılov vurğulayıb ki, xüsusilə bakalavriat səviyyəsində ixtisasın praktiki tələblərə uyğunluğuna daha çox önəm vermək lazımdır.
Onun sözlərinə görə, magistratura pilləsində tədqiqatyönümlü, araşdırma qabiliyyətlərinin artırılmasına istiqamətlənmiş fənlər keçirilməlidir: “Magstratura proqramında tələbələr sadəcə tədqiqat metodları fənni ilə kifayətlənməməli, bütünlükdə onların tədqiqat bacarqılarının, səriştələrinin, leyfiyyətli tədqiqat aparmaq qabiliyyətlərinin inkişafı istiqamətində fənlər tədris olunmalıdır.
Bundan başqa, bakalavriat pilləsində müəyyən ixtisaslar üzrə tədris ilinin 4 ildən 3 ilə endirilməsi məsələsinə də baxıla bilər. Beynəlxalq təcrübədə də bir sıra ixtisaslar üzrə 4 illik yox, 3 illik tədris tətbiq olunur”.
Mütəxəssisin fikrincə, yeni kurikulumda universitetlərə tanınan azadlıqların, sərbəst seçim imkanlarının daha da artırılması lazımdır: “Doğrudur, ümumilikdə universitetlərin nümunə olaraq müəyyən bir çərçivə sənədinə ehtiyacı var. Yalnız bu çərçivə seçim imkanlarını məhdudlaşdırıcı deyil, tövsiyə xarakterli olmalıdır. Beləliklə, universitetlərin bir qismi nümunə çərçivə sənədinə daha çox bağlı qalaraq, digər qismi isə çərçivə daxilində azad seçim imkanları ilə öz kurikulumlarını daha müstəqil formalaşdırar. Doğrudur, əvvəlki kurikulumda da müəyyən faiz fənlərin seçmə fənlər kateqoriyasında universitetlər tərəfindən formalaşdırılmasına imkan verilmişdi. Yeni kurikulumda bu faizin daha da artırılması, məcburi fənlər kateqoriyasının da tövsiyə xarakterli formalaşdırılması məqsədyönlü olardı”.
Aygün İbrahimli