AZAL-dan yeni onlayn xidmətlər

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) xidmət keyfiyyətini daha da artırmaq məqsədilə “GetTransfer”, “Airalo” və “Booking” platformaları ilə əməkdaşlıq çərçivəsində müştərilərinə əlavə imkanlar yaradır.
TNS bu barədə AZAL-a istinadla xəbər verir.
Məlumata görə, “GetTransfer” platforması vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.
“Airalo” platforması isə sərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində əlaqədə olmağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti aradan qalxır.
“Booking” platforması isə sərnişinlərə hotel rezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdıra bilərlər.
AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdə tutulub.