Close

Kişiyə və ya qadına “uyğun peşə”, yoxsa, ciddi problem?

Ölkəmizdə ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80, ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin isə üçdən ikisi qadındır. Ümumi təhsil müəssisələrində təhsilalanların 45 faizdən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizdən, ali təhsil müəssisələri tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.

Elmi işçilərin 60 faizdən çoxu qadındır ki, onların da 30 faizə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi var.

Bu məlumatları Dövlət Statistika Komitəsi açıqlayıb.

Qadınların adı keçən sahələrdə üstünlük təşki etməsinin əsas səbəbləri nələrdir?

Digər tərəfdən, xüsusilə təhsil sahəsində bu üstünlüyün tədris prosesində yaratdığı problemlər hansılardır?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov Azərbaycanda təhsil və səhiyyə sektorlarında qadınların üstünlük təşkil etməsində birinci səbəbin tarixi və mədəni faktorlarla bağlı olduğunu bildirib: “Azərbaycanda müəllimlik və tibb peşələri uzun illərdir, qadınlar üçün ən əlçatan və qəbul olunan sahələrdən biri sayılır. Sovet dövründən etibarən qadınların təhsil və səhiyyə sahələrində iştirak etməsi geniş yayılmışdı. Müəllimlik və tibb peşələri qadınlar üçün cəmiyyət tərəfindən daha çox qəbul edilən və təhlükəsiz sayılan sahələrdir. Bu səbəbdən də qadınların iş bazarına daxil olması prosesində ən çox müraciət etdikləri peşələr məhz bu sektorlardır.

İkinci səbəb sosial və iqtisadi faktorlarla bağlıdır. Müəllimlik və həkimlik peşələri sabit gəlir və iş təminatı baxımından qadınlar üçün daha uyğun seçim hesab edilir. Digər sahələrdə, xüsusilə mühəndislik, texnologiya və idarəetmə kimi sahələrdə kişilərin dominantlığı müşahidə olunur. Bunun əsas səbəbi həmin sahələrdə karyera qurmağın daha çətin və rəqabətli olmasıdır. Qadınların ailə və iş həyatını tarazlaşdırmaq ehtiyacı da onların daha stabil və uzunmüddətli iş imkanları təqdim edən peşələrə yönəlməsinə səbəb olur.

Üçüncü faktor gender stereotipləri ilə bağlıdır. Cəmiyyətdə hələ də bəzi peşələrin kişiyə ya da qadına uyğun olması düşüncəsi qalır. Müəllimlik və səhiyyə sektoru daha çox qayğı, diqqət və ünsiyyət tələb edən peşələr kimi qəbul edildiyindən bu sahələrdə qadınların daha uğurlu ola biləcəyi düşüncəsi geniş yayılıb. Nəticədə bu sahələrə yönələn qadınların sayı çox, kişi müəllimlərin və ya kişi həkimlərin sayı nisbətən az olur”.

Kamran Əsədov bildirib ki, təhsil və səhiyyə sektorlarında qadınların üstünlük təşkil etməsi bəzi problemlər də yaradır: “İlk növbədə, gender balansının olmaması bu sahələrdə kişi müəllim və həkimlərin sayının azalmasına gətirib çıxarır. Xüsusilə, məktəblərdə kişi müəllimlərin sayının azalması şagirdlərin inkişafına təsir edə bilər. Məsələn, kişi müəllimlərin azlığı oğlan uşaqlarının təlim-tərbiyəsində və onların məktəbə münasibətində müəyyən çətinliklər yarada bilər. Çünki təhsil prosesində gender balansı və müxtəlif rolların təmsil olunması vacibdir.

Digər tərəfdən, ali təhsil müəssisələrində qadın müəllimlərin sayının orta məktəblərlə müqayisədə daha aşağı olması akademik karyerada qadınların qarşılaşdığı çətinlikləri əks etdirir. Orta məktəblərdə 80 faizdən çox qadın müəllim olduğu halda, ali təhsil müəssisələrində bu göstəricinin 60 faizə qədər düşməsi göstərir ki, qadınların elmi-tədqiqat və rəhbər vəzifələrə yüksəlməsi kişilərə nisbətən daha çətindir. Bu isə qadınların akademik karyerada irəliləməsində mövcud olan maneələrin hələ də tam aradan qaldırılmadığını göstərir.

Səhiyyə sektorunda isə qadınların üstünlük təşkil etməsi ilə yanaşı, qərar qəbul edən rəhbər vəzifələrdə kişilərin daha çox yer aldığı müşahidə edilir. Həkimlərin üçdə ikisinin qadın olmasına baxmayaraq, tibb müəssisələrinin rəhbərliyi və inzibati idarəetmə vəzifələrində daha çox kişilər yer alır. Bu, cəmiyyətin bəzi sahələrdə kişi rəhbərliyinə üstünlük verməsi ilə bağlı ola bilər. Eyni zamanda, qadınların tibbi idarəetmədə daha çox təmsil olunması üçün əlavə təşviqlərə ehtiyac olduğunu göstərir”.

Bəs balansı qorumaq üçün hansı tədbirlər görülə bilər?

Mütəxəssis bildirib ki, gender balansını təmin etmək üçün bir neçə tədbir həyata keçirilə bilər: “Kişilərin də təhsil və səhiyyə sektorunda daha çox yer almasını təşviq etmək lazımdır. Xüsusilə, kişi müəllimlərin sayının artırılması üçün dövlət tərəfindən müəyyən stimullaşdırıcı addımlar atıla bilər. Məsələn, müəllimlik ixtisaslarına qəbul zamanı kişi namizədlər üçün müəyyən güzəştlər və ya əlavə dəstək proqramları tətbiq edilə bilər. Səhiyyə sahəsində qadınların rəhbər vəzifələrdə daha çox təmsil olunmasını təşviq etmək üçün müvafiq siyasətlərin həyata keçirilməsi vacibdir.

Eyni zamanda, texnologiya və mühəndislik sahələrində qadınların daha çox iştirakını təşviq etmək üçün xüsusi proqramlar həyata keçirilməlidir. Çünki hazırda qadınlar əsasən, təhsil və səhiyyə sektoruna yönəldiyi halda, digər sahələrdə onların iştirakı daha azdır. Bu isə ümumi gender balansına təsir göstərir və iqtisadiyyatın digər sektorlarında qadınların təmsilçiliyini məhdudlaşdırır.

Digər tərəfdən, təhsil və səhiyyə sektorlarında çalışan qadınlar üçün karyera inkişaf imkanları artırılmalıdır. Bu, onların yalnız işçi kimi deyil, həm də rəhbər və idarəedici vəzifələrdə daha çox yer almasını təmin edəcək. Xüsusilə, ali təhsil müəssisələrində qadın müəllimlərin elmi-tədqiqat fəaliyyətlərində daha çox iştirak etməsi və onların akademik yüksəliş imkanlarının genişləndirilməsi üçün dövlət və universitetlər tərəfindən əlavə dəstək proqramları həyata keçirilməlidir”.

Müsahibimiz vurğulayıb ki, kişilərin təhsil və səhiyyə sahələrinə daha çox cəlb edilməsi, qadınların isə akademik və idarəetmə sahələrində irəliləməsinin təşviq edilməsi uzunmüddətli perspektivdə daha ədalətli və effektiv bir sistem yaradılmasına kömək edə bilər.

Aygün