Ali məktəblərə ayrılan plan yerləri nə qədər artacaq?

Bu il 11-ci siniflərin buraxılış imtahanlarında 115 mindən çox şagird imtahan verib.
Artıq ali məktəblərə sənəd verən abituriyentlərin sayı da (124333 nəfər) məlumdur. Ötən il ali məktəblərə sənəd verənlərin sayı 110397 nəfər olub.
İndi abituriyentləri maraqlandıran suallardan biri də bu il plan yerlərinin sayının nə qədər olacağı ilə bağlıdır.
Bununla bağlı TNS-ə məlumat verən təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov bildirib ki, son illərin statistikasına baxdıqda, plan yerlərinin hər il artdığı görünür:“2021-ci ildə ali məktəblərə ayrılan plan yerlərinin sayı 49998, 2022-ci ildə 51881 (3.8% artım), 2023-cü ildə 55900 yer (7.8% artım), 2024-cü ildə isə 59613 yer (6.6% artım) olub. Son dörd il ərzində plan yerlərinin ümumi artımı təxminən 19 faiz təşkil edib.
Bu il də plan yerlərinin artması gözlənilir. Hətta plan yerinin 65-70 min olacağı haqqında fikirlər səsləndirilir”.
Kamil Məmmədov bu il ali məktəblərə qəbul üçün ərizə qəbulunda iştirak edənlərin sayının artdığını, bunun da qəbul şansını azaltdığını bildirib: “Hazırda ali məktəblərə qəbul üçün 124333 nəfər ilkin qeydiyyatdan keçib. Lakin onların hansı qrupları seçdikləri hələlik məlum deyil. Aprelin 17-dən mayın 1-dək qruplar üzrə qeydiyyat aparılacaq. Ondan sonra qruplar (blok) üzrə imtahana girəcək abituriyentlərin sayı da bəlli olacaq. Məsələyə abituriyentlərin sayı baxımından yanaşsaq, mübarizənin gərgin olacağını deyə bilərik”.
Aygün