Close

19:21
12 Mart 2025
18:13
12 Mart 2025

Əfv gözləyənlərə vacib xəbər - Bu iclasda hansı müraciətlər müzakirə edildi?

Xəbər verdiyimiz kimi, bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci ildə dördüncü iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid TNS-ə açıqlamasında bildirib ki, iclasda yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb:

"Hər bir müraciət əsasında səsvermə nəticəsində qərarlar qəbul olundu. Təxminən 100-ə yaxın müraciətə baxıldı. Komissiya öz işini davam etdirəcək. Komissiyanın işləri yekunlaşandan sonra sənədlər cənab Prezidentə təqdim olunacaq".

Qeyd edək ki, əfv Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Azərbaycan Prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddətini azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.

Azadə Yolçu