Close

12:33
12 Mart 2025

Nizami Cəfərov AMEA-nın prezidenti olacağı barədə iddialara münasibət bildirdi

Akademik, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov TNS-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentliyinə gətiriləcəyi ilə bağlı iddialara münasibət bildirib: “Deyərlər, yazarlar. Olur, belə hallar.  Bəzən adamın haqqında elə şeylər deyirlər ki, bir az xoş da gəlir. Amma bu məsələ prinsipial bir şey deyil.  Əsas məsələ burada rəhbərin İsa Həbibbəyli, ya da Nizami Cəfərov olması deyil. Mən də 4-5 adamın adını çəkə bilərəm ki, Akademiyanı təxminən İsa Həbibbəyli qədər idarə edə bilər. Amma dediyim kimi, gərək ciddi alimlər, dövlətin bu sahəyə məsul qurumları toplaşıb, birlikdə Akademiyanın taleyini müzakirə etsinlər.

Elə bu cürmü saxlayacağıq? Yaxud hansı istiqamətə gedirik? Yenə deyirəm, bu məsələni həll etmək, lap dahi də olsa, bir-iki nəfərin işi deyil. Təşkilatlanma mütləqdir.

İsa Həbibbəyli cəmi bir neçə ildir, AMEA-ya rəhbərlik edir. Kimsə prezident ola bilər, kiminsə haqqında deyərlər və s. Bunların heç biri Akademiyada gedən islahata təsir etmir. Təsir üçün daha ciddi münasibət lazımdır. Elm və təhsil məsələsində dövlətin iradəsi lazımdır”.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra ölkəmizdə universitet açıldığını xatırladan Nizami Cəfərov Azərbaycanda universitetin XVlll-XlX əsrdə yaranmama səbəbi belə izah edib: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra universitet yarandı. Deyək ki, ona qədər Azərbaycan xalqının fizika, kimya, riyaziyyat üzrə yaxşı mütəxəssisləri az idi. Amma humanitar sahədə  var idi. Mirzə Fətəli Axundzadəyə Azərbaycanın həm ilk universiteti, həm də ilk akademiyası deyirik. Onun əlifba, fəlsəfə, idrak məsələləri, dramaturgiya, ədəbi tənqidlə bağlı gördüyü işlər bu günə qədər nümunədir. Universitet Azərbaycanda XVlll-XlX əsrdə də yarana bilərdi. Ona görə yaranmadı ki, dövlət yox idi. İndi də elmin inkişafı üçün birinci işi dövlət görür. Dövlət elm adamları ilə müzakirələr apara-apara planlaşdırır. Odur ki, biz şəxsi hisslər, münasibətlər üzərində çox düşünməməliyik. Alim şəxsiyyəti vacibdir, amma laboratoriyada, tədiqatda. İdarəçilikdə alim şəxsiyyəti ikinci, hətta üçüncü dərəcəlidir”.