Close

Sürücülük kursları üzərində xüsusi nəzarət olmalıdır...

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi ilə bağlı imtahan keçirəcək.

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçirlər. Eyni zamanda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair, eləcə də taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair təsdiq olunmuş proqramlar üzrə xüsusi hazırlıq keçirlər.

Hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.

Aprel ayının 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan keçiriləcək. Həmçinin avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.

Bəs, bu cür imtahanların keçirilməsi nə qədər effektiv olur?

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov TNS-ə bildirib ki, taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyən vətəndaşlar üçün keçirilən imtahanların sualları o qədər çətin olmur, əsasən elementar suallardan ibarət olur.

Ekspert bildirib ki, yaxşı sürücülük qabiliyyəti əsasən təcrübə əsasında formalaşır: “Təcrübə illər ərzində toplanır. Həmçinin bu məsələdə insanın fərdi bacarıqları da çox vacibdir. Yol hərəkəti qaydalarını yaxşı bilməlidir. Sadə bir imtahanla yaxşı sürücü yetişdirmək mümkün deyil. İmtahanların məqsədi şəxsin elementar davranış qaydalarını, yol hərəkəti qaydalarını hansı səviyyədə bildiyini yoxlamaqdır”.
Mütəxəssis bu gün ayrı-ayrılıqda fəaliyyət göstərən sürücülük kurslarının fəaliyyəti ilə bağlı məsələyə də toxunub: “Çox təəssüf ki, bu gün bəzi sürücülük kursları, məktəbləri var ki, sadəcə formal xarakter daşıyır, formal fəaliyyət göstərir. Sürücülük qabiliyyətini yetərli şəkildə öyrədə bilmirlər. Bunun bariz nümunəsi kimi yollarda baş verən qəzaları göstərə bilərik. Yollarda sürücülər, ümumiyyətlə yol hərəkəti iştirakçıları arasında baş verən xoşagəlməz hadisələri, sürücülük mədəniyyətinin, demək olar ki, mövcud olmamasını qeyd edə bilərik. Bu amil bir daha sübut edir ki, sürücülük kursları, məktəbləri üzərində xüsusi nəzarət olmalıdır”.

Aygün