Novruzağa, Novruzzaur, Novruzxan, Bayramxatun - Bayramdan doğulan adlar

Mart ayında ölkəmizdə Novruz bayramı qeyd olunur. Bahar bayramı kimi ifadə etdiyimiz bu milli bayram ərəfəsində və bayram günlərində doğulan körpələrə adətən bayramla bağlı adlar daha çox qoyulurdu. Hazırda, çox geniş olmasa da, bu ənənəni davam etdirənlər var.
TNS xəbər verir ki, son beş ildə Azərbaycanda doğulan 619 körpəyə Bahar adı qoyulub.
Övladlarına Baharxanım, Bahargül, Baharbəyim, Yazgül kimi adları verənlər də olub. Son beş İldə 141 uşağa Bayram adı qoyulub. Bundan başqa, siyahıda Bayraməli, Bayramqulu, Bayramxatun kimi adlar da var. Son beş ildə 109 uşağa Novruz adı qoyulub. Novruz sözünün birləşməsi ilə yaradılan mürəkkəb adlar isə daha maraqlıdır. Belə ki, körpələrə Novruzəli, Novruzağa, Novruzzaur, Novruzxan kimi adlar qoyanlar var. Körpələrə verilən adlar arasında Alov, Şamsu, Şamayıl, Şamxay adları da diqqət çəkir.
Təbii ki, bu adların hamısı məhz Novruz bayramı ilə bağlı deyil. Amma bu qəbildən olan adların əksəriyyətinin qoyulma hekayəsini araşdırsaq, məhz Bahar bayramı ilə bağlı olduğu ortaya çıxar.