Close

15:34
10 Mart 2025

İtkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatı keçirilib

Bakıda “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatı keçirilib.

TNS xəbər verir ki, tədbirdə Dövlət Komissiyasının üzvləri və İşçi Qrupunun əməkdaşları, Beynəlxalq Komissiyasının yüksək ranqlı təmsilçiləri, millət vəkilləri, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri, media və QHT nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov bildirib ki, bugünkü tədbirin əsas məqsədi Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə ICMP-nin Qiymətləndirmə hesabatının təqdimatından ibarətdir: “ICMP-nin fəaliyyəti hökumətlərin itkin düşən insanların tapılması və müəyyən edilməsi sahəsindəki fəaliyyətinə yardım etmək, eləcə də itkin düşən insanlar məsələsində hökumətlər arasında əməkdaşlığı təmin etməkdir. Bu konteksdə ICMP hüquq-mühafizə orqanlarının fəaliyyətinə dəstək verir. Bu isə onu sırf humanitar məqsəd daşıyan digər təşkilatlardan fərqləndirir. Təşkilat hazırda Yaxın Şərq, İraq, Kolumbiya, Meksika, Qərbi Balkanlar və dünyanın bir sıra silahlı münaqişələr və təbii fəlakətlər baş vermiş bölgələrində fəaliyyət göstərir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) ICMP ilə ilk dəfə 2010-cu ildə Serebrenitsa qurbanlarının 15-ci ildönümündəki anım mərasimində tanış olmuş və ilkin müzakirələr aparılmışdır. 2013-cü ilin oktyabrında ICMP tərəfindən Haaqa şəhərində təşkil edilmiş seminarda Dövlət Komissiyası təmsil olunub. Lakin bu təmaslar əməkdaşlıq səviyyəsinə qalxmayıb.

XİN-dən 22 may 2018-ci ilin may ayında Dövlət Komissiyasına daxil olmuş məktubda AR-in Niderland Krallığındakı Səfirliyinin ICMP-nin Siyasət və Əməkdaşlıq üzrə Direktoru ilə 17 may 2018-ci il tarixdə keçirilmiş görüşündə bu qurum ilə əməkdaşlıq imkanlarının müzakirə olunması barədə məlumat verilmiş və bu əməkdaşlığın təşkilata üzvlük və ya ikitərəfli saziş əsasında həyata keçirilməsi ilə bağlı rəy bildirilməsi xahiş edilmişdir. Məsələ ilə bağlı Dövlət Komissiyası tərəfindən bu sahədə digər imkanların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından faydalı olacağı nəzərə alınaraq, XİN nümayəndəsinin iştirakı ilə ICMP ilə müzakirələrin aparılması məqsədəuyğun hesab edilib.

2021-ci ildə AR Prezidentinin köməkçisi - AR Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin təşəbbüsü ilə ICMP ilə yenidən müzakirələr aparılmışdır. 2021-ci ilin noyabrında ölkəmizin Niderland Krallığındakı səfiri ilə Haaqa şəhərində keçirilmiş görüş zamanı ICMP Azərbaycanla əməkdaşlıq etməyi və bununla bağlı müvafiq sənədin imzalanmasını təklif edib.

Məsələ ilə əlaqədar olaraq, 2022-ci ilin əvvəlindən etibarən PA-nın, XİN-in, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşlarının iştirakı ilə ICMP-nin rəhbərliyi ilə bir neçə dəfə onlayn görüş keçirilmiş və müzakirələr aparılıb.

2022-ci ilin aprel ayının 4-də ICMP-nin Baş direktoru Katrin Bomberger və qurumun Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı Dövlət Komissiyası və İCMP arasında Protokol imzalanıb.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin 5-16 iyun tarixlərində ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycana səfər etmiş, səfər çərçivəsində Siyasət və Əməkdaşlıq üzrə direktor Andreas Kleyzer və qurumun proqram meneceri Karmen Osorno Solis Dövlət Komissiyasında və bir sıra aidiyyəti dövlət qurumlarında qəbul olunmuşlar.

Səfər zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məqsədilə ICMP tərəfindən ölkəmizdə Qiymətləndirmə missiyası həyata keçirilmiş, missiyanın nəticəsi olaraq ICMP tərəfindən hazırlanmış hesabat AR XİN-ə göndərilmiş, aidiyyəti dövlət qurumları tərəfindən hesabatla bağlı rəy və təkliflər hazırlayaraq XİN-ə təqdim edilib”.

Daha sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti ilə bağlı qısa təqdimat nümayiş etdirilib.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov qeyd edib ki, xanım Katrin Bombergerin rəhbərliyi ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti Azərbaycan Respublikasına ilk dəfə 2022-ci ilin aprel ayında səfər edib:

“Həmin səfər zamanı aparılmış müzakirələrin yekunu olaraq Dövlət Komissiyası və ICMP arasında itkin düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.

Məlumdur ki, hazırda birgə yaşadığımız dünyada çoxsaylı problemlər mövcuddur. Bu problemlərdən biri də hamımızı ciddi düşündürən və narahat edən itkin düşmüş şəxslər problemidir. İnsanlar müxtəlif səbəblərdən itkin düşür. Onların itkin düşməsinə daha çox səbəb olan amillərdən biri isə silahlı münaqişələrdir. Həm də silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi uzun illər vaxt, maddi və sair resurslar tələb edir. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi yaxın illərdə bizim ən vacib vəzifələrimizdən biridir. Bu həm də həmin şəxslərin yaxın qohumları qarşısında bizim mənəvi borcumuzdur. Bizə gündəlik olaraq xeyli sayda insan müraciət edərək itkin düşmüş qohumunun taleyinə aydınlıq gətirilməsini tələb edir. Ərazilər işğal altında olanda vətəndaşlarımız bunu anlayışla qarşılayırdı. Lakin ərazi bütövlüyümüzün bərpasından sonra biz bəzi hallarda onlara cavab verməkdə çətinlik çəkirik. Bizdə belə fikir formalaşır ki, ermənilər məzarlıqlar barədə məlumatları əsir və girovlara verdikləri dəhşətli işgəncələrin izini itirmək üçün təqdim etmirlər. İstənilən halda biz bu məsələlərdə bütün beynəlxalq təşkilatlarla, o cümlədən erməni tərəfi ilə hərtərəfli əməkdaşlığa hazır olduğumuzu bəyan edirik”.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger dövlətlərin itkin düşmüş şəxslərin tapılması ilə bağlı məsuliyyəti qəbul etməli olduğunu qeyd edib: "Azərbaycan neçə illərdir ki bu istiqamətdə işləyir. Biz görürük ki, irəliləyişlər əldə olunub. Bu istiqamətdə itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasının yaradılması çox gözəl addımdır. ICMP həmişə belə bir qurumun yaradılmasını təklif edir. Azərbaycan eskhumasiya üzərində işləyir. Bunu da çox peşəkar şəkildə həyata keçirir. Mən özüm burada arxeologiya və antropologiya bölməsində işlərin aparılmasının canlı şahidi oldum. 3700 itkin düşmüş şəxslə bağlı ailələrdən 11 min nümunə toplanıb. Bu yaxşı bir nisbətdir. Hər bir itkin düşmüş şəxslə bağlı 3- 4 referensin olması yaxşı haldır. Eyni zamanda siyasi müstəvidə itkin düşmüş şəxslərlə bağlı Ermənistanla əməkdaşlıq çox vacibdir. Biz regiondakı ölkələrə kömək edirik ki, onlar yerli imkanlarını genişləndirsinlər. Bizim mandatımız hökumətlərin əməkdaşlığına nail olmaqdır. Bu baxımdan regional baza yaratmışıq. Bu baza gələcəkdə itkin düşmüş şəxslərin aşkarlanması ilə bağlı Azərbaycanla Ermənistan arasında model rolunu oynaya bilər. Çünki məhz əməkdaşlıq vasitəsilə bunların hamısı həllini tapacaqdır. İtkin düşmüş şəxslərin tapılması regionda sülh və sabitlik üçün də mühüm məsələdir. Əminəm ki, Azərbaycan və regiondakı insanlar buna can atırlar".

Tədbirdə Xüsusilə qeyd olunmuşdur ki, Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Münaqişə dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının insanların zorakı itkindüşmədən müdafiəsinə dair müddəalarının tələblərinin mütəmadi olaraq pozulması, mülki şəxslərin girov götürülməsi, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilməsi, işgəncə verilməsi, onların məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilmələri və edam olunmaları, insanların kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan məzarlıqlarda basdırılmaları, habelə məzar yerlərinin gizlədilməsi və qəsdən məhv edilməsi kimi ağır cinayətlərin törədildiyi nəzərə alınaraq, bundan sonra da bu cür məzarlıqların sayının artacağı gözlənilir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə qeyd edib ki, bizim itkin düşmüş şəxslərlə bağlı beynəlxalq tribunalarda aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən heç vaxt məsələ qaldırılmayıb: “Bu məsələdə məsuliyyət Ermənistana aiddir . ikinci Qarabağ savaşından sonra biz Qızıl Xaç Komissiyasının fəaliyyətində öz mandatından kənar addımlar müşahidə etmişik. İtkin düşən şəxslərlə bağlı Xüsusi Gün təsis edilməsini təklif edirəm. Çünki bu sadəcə itkin düşən ailələrin deyil, millətimizin ağrısıdır”.

Daha sonra Beynəlxalq Komissiya tərəfindən 2023-cü ildə ölkəmizdə həyata keçirilmiş qiymətləndirmə missiyası ilə bağlı hazırlanmış hesabatın təqdimatı olub.

Qeyd olunmuşdur ki, itkin ailələrinin otuz illik intizarına son qoymaq üçün bütün imkanlardan yararlanmağa çalışan Dövlət Komissiyası dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik olan Beynəlxalq Komissiya ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Sonda Beynəlxalq Komissiya ilə əməkdaşlığın itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunub.