Buraxılış imtahanlarının nəticələri nə zaman açıqlanacaq?

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 2-də və 9-da 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Məlum olduğu kimi, bu imtahanlar, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsidir.
DİM-in rəsmi açıqlamasına görə, imtahanlarda yer alan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması müəyyən vaxt tələb etdiyindən nəticələrin növbəti 6 həftə ərzində elan olunması planlaşdırılır.
Bəs, imtahan nəticələrinin bu müddətdən daha tez açıqlanması mümkün deyilmi?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov TNS-ə bildirdi ki, nəticələrin daha tez elan edilməsi mümkündür:
“DİM-in rəsmi açıqlamasında nəticələrin növbəti 6 həftə ərzində elan olunmasının planlaşdırıldığı deyilib. Bu isə o deməkdir ki, martın 2-də keçirilmiş imtahanın nəticələri ən gec aprelin 13-də, martın 9-da olan imtahanın nəticələri isə ən gec aprelin 20-də açıqlanacaq. Bununla belə, nəticələrin daha tez elan edilməsi də mümkündür.
Bu qədər uzun müddətin göstərilməsi, böyük ehtimalla, DİM-in prosesləri sığortalaması ilə bağlıdır. Ötən il DİM analoji imtahanların nəticələrinin 4 həftə ərzində açıqlanacağını bildirmişdi, lakin nəticələr nəzərdə tutulan vaxtdan bir neçə gün gec elan edilmişdi”.
Kamil Məmmədov bildirib ki, abituriyentlər bundan sonra əsas diqqətlərini blok imtahanlarına yönəltməli və maksimum nəticə əldə etmək üçün var gücləri ilə çalışmalıdırlar.
Aygün