Close

Ali məktəblərə qəbul çətin olacaq - Abituriyentlər arasında rəqabət...

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbul müddəti başa çatıb.

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün müraciət edənlərin sayı ötən illərlə müqayisədə 12-13 min nəfər daha artıqdır. Ərizə verənlərin sayının artması abituriyentlər üçün rəqabəti daha da artıracaqmı? Bu il plan yerlərinin nə qədər olması gözlənilir?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bir sıra məqamlara toxunub.

O, ali təhsil müəssisələri üzrə ümumillikdə 124329 nəfərin elektron ərizə qəbulunda iştirak etdiyini, onlardan 112910-nun Azərbaycan, 11419-nun isə rus bölməsi üzrə müraciət edənlər olduğunu xatırladıb: “O cümlədən, 11 illik təhsil bazasından kolleclərə daxil olmaq üçün 112890 nəfər elektron ərizə qəbulunda iştirak edib. Vətəndaşlar tərəfindən çaşqınlıq yarana bilər ki, ali məktəblərə və kolleclərə ümumillikdə 200 mindən çox ərizə verən olub. Bu, belə deyil. Həm ali təhsil məktəblərinə, həm də kolleclərə elektron ərizə qəbulunu eyni anda aparmaq mümkün olduğu üçün hər ikisində say çoxdur”.

Elçin Əfəndi bildirib ki, builki sayı ötən dövrlə müqayisə etdikdə bəzi məqamlar ortaya çıxır: “2024-cü ildə ali təhsil müəssisələri üzrə elektron ərizə qəbulunda iştirak edən abituriyent sayı 110354 nəfər, 11 illik bazadan orta ixtisas təhsili müəssisləri (kolleclər) üzrə elektron ərizə qəbulunda iştirak edən abituriyent sayı 96667 nəfər olub.
2023-cü ildə isə ali məktəblər üzrə elektron ərizə qəbulunda iştirak edən abituriyent sayı 101489, 11 illik bazadan orta ixtisas təhsili müəssisləri (kolleclər) üzrə elektron ərizə qəbulunda iştirak edən abituriyent sayı isə 89416 nəfər təşkil edib.

Göründüyü kimi, müsabiqədə iştirakçı sayı çoxdur və bu, gərgin rəqabət mühitinin olacağını göstərir. Abituriyentlərin ixtisaslaşma zamanı işləri bir az çətinləşəcək. Çünki bir yer uğrunda faktiki statistikaya görə 10-15 nəfər mübarizə aparır. Mövcud plan yerləri açıqlanmayıb, amma hazırkı vəziyyəti dəyərləndirdikdə təxminən 75 minə yaxın plan yeri ayrılacağını demək olar. Ümumiyyətlə, sayın çoxluğu, ümumi imtahan nəticələrinin yüksək olması ixtisaslar üzrə formalaşacaq keçid ballarına təsir edə bilər. Ona görə abituriyentlər daha diqqətli olmalıdırlar”.

Aygün