Close

Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı

Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub.

Bu barədə TNS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

"Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda deyilir.