Close

16:53
03 Mart 2025

Yollarda qalan avtobuslar – 40-a yaxın nəqliyyat vasitəsi...

10 gündən çoxdur ki, ölkədə qarlı və şaxtalı hava şəraiti hökm sürür. Yollar buz bağlayır, nəqliyyatın hərəkəti məhdudlaşır. Yolda qalan sərnişinlər “müvəqqəti çətinlikdir”, - fikri ilə təsəlli tapırlar. Yəni, ümid qarın və buzun tez zamanda əriməsinə qalır.

Bir neçə gün əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobusun, əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələndiyini açıqlamışdı.

Qeyd edək ki, bu günlərdə yeganə dövlət operatoru olan “BakuBus” MMC-yə məxsus avtobusların tez-tez sıradan çıxması, yolda qalması müşahidə olunur.

“BakuBus” MMC-dən TNS-in mövzu ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, son günlər qarlı hava şəraiti və yolların buzlu olması ilə bağlı bəzi marşrut xətti üzrə hərəkət edən avtobusların fəaliyyətində müəyyən çətinliklər yaranıb: “Bəzi avtobuslarda kiçik zədələnmələr qeydə alınıb. Amma heç bir sərnişin və ya sürücü xəsarət almayıb.

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, avtobus sürücüləri vətəndaşları mənzil başına təhlkəsiz çatdırmaq üçün çalışıblar. Avtobus sürücülərinin peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda avtobusların texniki vəziyyəti yoxlanılır və bərpa prosesi davam etdirilir. Təmir işləri operativ şəkildə həyata keçirilir və sərnişinlərimizin təhlükəsiz və rahat daşınmasını təmin etmək üçün bütün zəruri tədbirlər görülür”.

Avtobusların yollarda qalmasının, sıradan çıxmasının səbəbi  vasitələr, yoxsa yollardır?

TNS bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikirlərini öyrənib.

Mütəxəssis bildirib ki, problem avtobuslarda yox, yol infrastrukturundadır: “Qar yağanda yollar sürüşkən, buzlu olur. Belə olanda isə qəza riski artır. Qəzalar baş verir, avtobusların hərəkəti məhdudlaşır. Yaxşı olardı ki, yol infrastrukturu ilə bağlı tədbirlər görülsün”.

Ekspert qeyd edib ki, bu cür sürüşkən yollarda nəinki avtobuslar, taksilər də fəlaiyyət göstərə bilmirlər.

Aygün