Close

16:53
03 Mart 2025

Şuşa və Xocalı məktəblərində çalışan 30-yaxın müəllim maaşını ala bilmir- PROBLEM

Bir müddət əvvəl Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərmiş ümumi təhsil müəssisələrində sertifikasiyadan keçən müəllimlərin maaşlarına olunan əlavəni ala bilmədiklərini yazmışdıq. Müəllimlərə maaşlarına olunan əlavəni fevral ayında alacaqları bildirilsə də, artımlar yenə verilməyib.

Adı keçən məsələ ilə bağlı 30-a yaxın müəllimin problemi ilə bağlı TNS-ə daxil olan şikayəti təqdim edirik.

Belə ki, bir neçə ay əvvələ kimi Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərmiş Şuşa rayon 6 nömrəli tam orta (Ramana qəsəbəsində yerləşir) və Xocalı şəhər 2 nömrəli tam orta məktəbin (Sabunçu rayonu Pirşağı q.) müəllimləri 2024-cü il sertifikasiyadan keçiblər. İmtahandan uğurla keçən hər iki məktəbin 30-a yaxın müəlliminin maaşlarına 10 və 35 faizlə artımlar olunub. Müəllimlərə ötən ilin sentyabr ayından maaşları artımla birlikdə verilməli olsa da, bu günə kimi Qarabağ Regional Təhsil İdarəsi sentyabr və oktyabr ayının artımını verməyib.

Məlumata görə, ötən il noyabrın 1-dən sözügedən məktəblər 337 nömrəli tam orta məktəb adı altında birləşdirilib və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib.  Nəticədə olan müəllimlərə olub. Belə ki, bu faktı əlində əsas tutan Qarabağ Regional Təhsil İdarəsi qeyd olunan iki aylıq artımı verməkdən imtina edib.

Qeyd edək ki, 35 faiz artımla 1 müəllimin iki aylıq maaşına olan əlavə 400 manatdan yuxarıdır.

Qarabağ Regional Təhsil İdarəsinin bu qədər pulu hansı səbəbdən, nəyə əsasən vermədiyi məlum deyil.

Müəllimlərin dediyinə görə, Qarabağ Regional Təhsil İdarəsi onlara maaşlarını Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verməli olduğunu, BŞTİ isə, sentyabr və oktyabr aylarında məktəbin Qarabağ Regional Təhsil İdarəsinə tabe olduğunu əsas gətirərək, o idarənin verməli olduğunu deyir. Daha bir maraqlı məsələ odur ki, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən müəllimlərə artımlarını fevral ayının maaşlarında ala biləcəkləri ilə bağlı vəd verilib. Hazırda isə onlara bildirilib ki, maaşların verilməsi ilə bağlı söz verən şəxs işdən çıxarılıb. Bir sözlə, müəllimlər artıq kimə müraciət edəcəklərini bilmirlər.

Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən TNS-in sorğusuna cavab olaraq, İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin maaşlarına müəyyən edilmiş əlavələrin ödənildiyi, əlavələrlə bağlı müraciəti olan vətəndaşın rəsmi qaydada Qarabağ Regional Təhsil İdarəsinə müraciət edə biləcəyi bildirilmişdi.

Qeyd edək ki, TNS problemlə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və yenidən Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərib. Sorğuların nəticəsini növbəti günlərdə təqdim edəcəyik.

Aygün İbrahimli