Texniki spirt öldürməsə də, kor qoya bilir...

Məlum olduğu kimi, Sabunçuda 15 nəfər texniki spirtdən zəhərlənərək ölüb. Həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri texniki spirtdən zəhərlənməsi nəticəsində öldükləri müəyyənləşib.
Texniki spirtdən istifadə edən şəxslərdə hansı əlamətlər yaranır və ölüm faizi nə qədərdir?
Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov TNS-ə bildirib ki, bu cür spirtin qəbulundan sonra şikayətlər, əsasən ürəkbulanma, başgicəllənmə, ikili görmə, yuxululuq kimi əlamətlərlə özünü göstərir.
O qeyd edib ki, keyfiyyətsiz, saxta məhsulun tərkibinə metil spirti də daxil olmaqla, müxtəlif kimyəvi maddələr qatıla bilir: “Saxta içkinin təsirindən yaranan əsas əlamətlər baş gicəllənməsi, ürək bulanması, ikili görmə, daha sonra görmə fəaliyyətinin tam pozulmasıdır. İnsan bu cür spirtli içkini içdikdən sonra tamamilə kor da qala bilir. Saxta içkilər mərkəzi sinir sisteminə təsir edir, nəfəs mərkəzini paralizə etməklə getdikcə boğulma yaradır. Bunun nəticəsində isə insan huşunu itirə bilər”.
Həkim vurğulayıb ki, bu cür zəhərlənmədən bir müddət sonra xəstə komaya düşür.
O qeyd edib ki, metil spirtindən zəhərlənmə hallarında ölüm halları 80-85 faizdir. Amma xəstəni vaxtında həkimə çatdırmaqla ölüm faizini aşağı salmaq mümkündür.
Aygün