Buraxılış imtahanları başlayır - Nəticə 2-3 il sonra bilinəcək

Bu həftədən buraxılış imtahanlarına start verilir.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları martın 2-də və 9-da baş tutacaq.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 13-ü, 20-27-də keçiriləcək.
Xəbər verildiyi kimi, 9 illik təhsil bazasında keçiriləcək buraxılış imtahanlarının xarici dil fənləri üzrə suallarında yenilik olacaq.
Keçən bir neçə ay ərzində şagirdlər yeni suallara nə qədər uyğunlaşa bilər?
Yeni qaydaların tətbiqi hansı təhsil müəssisələrinə daxil olmalarda öz təsirini göstərəcək?
Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bir sıra məqamlara toxunub.
O xatırladıb ki, 9-cu siniflərin builki buraxılış imtahanlarında xarici dil fənnində mətn sualları ilə paralel, şəkilli suallar da təqdim olunacaq: “Şagirdlərdən suallara salınmış şəkillər üzərindən mətn yazmaları tələb olunacaq. Əlbəttə ki, bu yenilik şagirdlər üçün müəyyən çətinlik törədəcək. DİM tərəfindən ötən ilin sentyabr ayından bu formatla bağlı həm model testlər, həm də məzmun xətti və digərləri təqdim olunub. Ondan əvvəlki illərdə də 2025-ci ildə 9-cu siniflər üçün belə bir formatda imtahan keçiriləcəyi ilə bağlı ümumi informasiya verilmişdi. Bunlara baxmayaraq, imtahanlarda ilk dəfə bir yenilik tətbiq olunduqda bu, çətinlik yaradır”.
Mütəxəssis bildirib ki, şagirdlərin hər hansı bir yeniliyə uyğunlaşmaları üçün ən az 2-3, ən çox isə 5-6 il lazım olur: “Biz ilk dəfə 2019-cu ildə kurukilum sistemi ilə keçirilən imtahanlardan sonra daha uğurlu nəticəni ötən il gördük. O zaman bu il tətbiq olunan yeniliyin nəticəsini 2-3 il sonra daha yaxşı görəcəyik.
Bu yenilik 9 illik bazadan orta ixtisas təhsil müəssisələrinə qəbul zamanı keçid ballarına, kolleclərə qəbula, müəyyən qədər də olsa, təsir edəcək”.
Aygün