Close

17:32
24 Fevral 2025
16:43
24 Fevral 2025

Müraciət etmədən pensiya alanların sayı artır

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bundan sonra xüsusi rütbəli şəxslərin ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi də avtomatlaşdırılmış qaydada, onlar tərəfindən müraciət edilmədən dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılacaq.

Pensiyaların proaktiv qaydada təyinatı nə üçün vacibdir və hansı müsbət tərəfləri var?

Mövzu ilə bağlı TNS-ə danışan iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, əmək pensiyası ilə bağlı daha çox proaktiv təyinatlar həyata keçirilir: “Bəzi əmək pensiyalarının təyinatı üzrə kağız məlumatlar lazım olur, proaktiv deyil. Məlumatlar təqdim olunduqdan sonra əmək pensiyalarının məbləği müəyyənləşir. Ümumiyyətlə, məqsəd ondan ibarətdir ki, əmək pensiyalarının proaktiv, yəni hər hansı müraciət olmadan təyinatı həyata keçirilsin. Bütövlükdə sistemin-məlumatların elektronlaşması və buna uyğun olaraq, hər hansı müraciət olmadan proaktiv qaydada pensiyaların təyinatı ilə bağlı işlər daha da genişləndirilir. Məqsəd vətəndaş-məmur ünsiyyətini minimumlaşdırmaq, pensiya təyinatını daha şəffaf şəkildə, hər hansı quruma müraciət etmədən aparmaqdır. Bu proses bütövlükdə pensiya sahəsində aparılan islahatlardan biridir və birmənalı şəkildə şəfafflığın güclənməsinə, pensiyaların daha qısa zamanda hesablanaraq təyin edilməsinə imkan yaradır”.

Xatırladaq ki, 2019-cu ildən ölkəmizdə pensiya və digər ödənişlərin təyinatı müraciət olunmadan, sənəd təqdim edilmədən, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilir.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində 26 092 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 4 856-sı pensiya, 21 236-sı müavinət və təqaüd təyinatıdır.

Aygün