Ətirli şamlar sağlamlıq üçün təhlükə yaradır?

Mütəxəssislər ətirli şamların və əridilmiş ətirli mumun qapalı yerlərdə havanın çirklənməsini ciddi şəkildə artıra biləcəyini aşkar edib. Araşdırmaya görə, bu məhsullar dizel mühərrikləri və qaz sobaları ilə eyni səviyyədə hava çirkliliyi yarada bilər.
Belə ki, ABŞ və Almaniya alimlərinin apardığı araşdırmada müəyyən edilib ki, ətirli şamlar və buna bənzər məhsulların buraxdığı uçucu üzvi birləşmələr ozonla qarşılıqlı əlaqəyə girərək nanoskopik hissəciklər əmələ gətirir.
TNS xarici mediaya istinadla xəbər verir ki, bu hissəciklər ağciyərlərə nüfuz edəcək qədər kiçik olduqları üçün sağlamlıq riski yaradır.
Tədqiqatçılar bu nanohissəcikləri aşkar etmək üçün qabaqcıl ölçü alətlərindən istifadə ediblər. Kiçik bir ev mühitində aparılan təcrübələrdə, ətirli şamların və mum ərimələrinin yanma prosesi olmadan da havaya yüksək səviyyədə uçucu birləşmələr buraxdığı aşkar edilib. Çünki bu məhsullar şamdan daha böyük səth sahəsini qızdırır və daha çox qoxu yayır.
Tədqiqatçılar 20 dəqiqə istifadədən sonra milyardlarla nanohissəciklərin tənəffüs sisteminə daxil ola biləcəyini və bunun sağlamlığa tam təsirinin məlum olmadığını vurğulayıb. Alimlər bildirib ki, əvvəlki tədqiqatlar yağ əsaslı diffuzorların, hava təravətləndiricilərinin və təmizləyici məhsulların da qapalı məkanlarda yüksək səviyyədə nanohissəciklər buraxdığını göstərib.