Close

Uşaqlar duyğularını necə “təmizləyə” bilərlər?

Uşaqlar əllərini yumağı hələ yeriməyi öyrənməmişdən əvvəl anlayırlar. Bəs, qəzəb, narahatlıq və ya məyusluqla mübarizə aparmağı öyrənə bilirlərmi?

Fiziki gigiyena gündəlik həyatın ən təbii vərdişi olduğu halda, duyğusal gigiyena bir çox uşaq üçün hələ də öyrənilməmiş qalır. Məsələn, əllərini yumağı və dişlərini fırçalamağı asanlıqla öyrənən uşaqlar, mənfi emosiyalarını necə “təmizləməyi” bilirlərmi? Mütəxəssislərin fikrincə, erkən yaşlarda əldə edilən emosional şüur və özünə şəfqət gələcəkdə əqli möhkəmliyin əsasını təşkil edir.

Uşaqların emosional dayanıqlığını artırmaq, qəzəb və narahatlıq kimi duyğularla sağlam şəkildə mübarizə aparmalarını formalaşdırmaq üçün üçün hansı addımlar atılmalıdır?

TNS mövzu ilə bağlı Türkiyənin uşaq psixoloqu Pınar Daldıkların TRTHABER-ə verdiyi açıqlamanı təqdim edir:

Mütəxəssis bildirib ki, emosional gigiyena insanların özlərini psixoloji cəhətdən pis hiss etməməsi üçün vacib amildir: “Emosional gigiyena tədbirləri stress, narahatlıq və ya mənfi duyğular kimi hər hansı simptomun psixiatrik xəstəliyə çevrilməsinin qarşısını almaq üçün alınan tədbirlərdir. Çöldən evə gələndə əllərimizi yuyuruq. Eyni məntiqin ruhi və emosional gigiyena üçün də tətbiq edilməsi lazımdır. Bu yanaşma son illərdə xaricdə aparılan araşdırmalarla da dəstəklənir. Amerika Psixoloji Assosiasiyasının (APA) dərc etdiyi hesabatlara görə, uşaqlıq dövründə duyğuları tanımaq və onları sağlam şəkildə ifadə etmək yetkinlik dövründə depressiya və narahatlıq pozğunluqlarının qarşısının alınmasında əsas rol oynayır”. Basdırılmış neqativ emosiyalar psixi sağlamlıq üçün ən böyük təhlükələrdən biri hesab olunur. Bu hisslər “ruhumuza ağır yükdür”. İlk növbədə hansı hadisələrin bu duyğulara səbəb olduğunu anlamaq lazımdır. Bunların fərqində olmadan böyüyən, düşüncələrini və hisslərini ifadə edə bilməyən fərd sonrakı illərdə qəzəblə müşayiət olunan tutmalar, depressiya kimi psixoloji pozğunluqlar yaşaya bilər. Bu hisslərdən təmizlənmək üçün ilk növbədə nə ilə qarşı-qarşıya olduqlarını dərk etməlidirlər.
Uşaq susayanda su içməyi valideyndən öyrəndiyi kimi, onları müşahidə edərək öz hisslərini ifadə etməyi öyrənməsi də ən təbii yoldur.

Digər tərəfdən “kədərlənmə, ağlama, hirslənmə” kimi sözlərin tez-tez təkrarlandığı ev mühitlərində uşaqlar hisslərini ifadə etməkdən çəkinirlər. Ailələrin bu cür yanaşmaları uşaqların o duyğuları hiss etməməsinə yox, daha çox o hissləri ifadə etməməsinə və hətta hisslərini ifadə etməkdən çəkinməsinə səbəb olur. Gizlədilən duyğular müəyyən vaxtdan sonra bəzən fiziki, bəzən də emosional olaraq özünü göstərir”.

Mütəxəssis bildirib ki, emosional gigiyena vərdişləri yalnız mənfi emosiyaların idarə edilməsi ilə məhdudlaşmır: “Özünü olduğu kimi sevən, özü ilə barışıq, səhvlərini qəbul edib onlarla yola davam edən, nəyə ehtiyacı olduğunu bilən, nə istədiyini, nəyi istəmədiyini bilən insan yetkin olanda emosional stressə qarşı immunitet qazanır. Bu sağlam daxili quruluş uşağın həm akademik, həm də ictimai həyatında uğur və xoşbəxtliyini dəstəkləyən təməl yaradır”.

Aygün