Close

19:23
22 Fevral 2025

Deputat: "Dünyanı düzəltmək sənə qalmayıb..."

Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında gənclərə tövsiyələrini paylaşıb.

TNS həmin tövsiyələri təqdim edir:

1. “Məndən ötdü, kimə dəyir, dəysin” düşüncəsi ilə yaşayanlardan olmayın. Bilin ki, sizdən ötən bir gün sizə də dəyəcək. Unutmayın ki, cəmiyyətləri uçuruma aparan laqeydlik və biganəlikdir.

2. “Dünyanı düzəltmək sənə qalmayıb”, “Palaza bürün, ellə sürün”, “Özünü yorma, heçnə düzəlməyəcək” deyənlərə fikir verməyin. Bəzən bir insan bütün dünyanı düzəldə, ya da məhv edə bilər.

3. “Özün üçün yaşa”, “Dünya beş günlükdür, nə qədər ki, varsan kef elə” deyənlərə qulaq asmayın. Dünya müvəqqəti olsa da, hesabı çox ağırdır. Çalışın, daha çox yaxşı əməl sahibi olun.

4. Bir gün hər kəsin əkdiyini biçəcəyini unutmayın. Ona görə nə isə əkəndə baxın, nə əkirsiniz. Əkininizi zay etməyin. Sonrakı peşmançılıq fayda verməyəcək.

5. Yaşadığımız dünyanın müvəqqəti olduğunu unutmayın. Hələ heç kim bu dünyadan o dünyaya əməldən başqa heçnə aparmayıb. Çalışın əməl dəftəriniz təmiz olsun.

6. Hansı vəziyyətdə və şəraitdə olmağınızdan asılı olmayaraq prinsip və dəyərlərinizə hər zaman sadiq olun. Onları heç nəyə qurban verməyin.

7. Hər zaman dürüst və səmimi olun. Sizə qarşı dürüst və səmim olmayanlara qarşı bunu belə edin. Həyatda uğurun başlıca şərtlərindən birinin dürüstlük və səmimilik olduğunu unutmayın.

8. Heç zaman Allahı unutmayın. Bilin ki, Allahı unudanı o da unudacaq. Odur ki, Allahın qəzəbinə səbəb olacaq əməllərdən daima uzaq olun.

9. Bütün işlərinizi vicdanla və insafla görün. Heç zaman vicdanınıza xəyanət etməyin. Bilin ki, vicdan yarası çox ağır olur.

10. Heç zaman pisliyə pisliklə cavab verməyin. Hər kəsin bir gün etdiyi yaxşı və pis əməllərin cavabını alacağını unutmayın.